Millətlərarası münasibətlərin inkişafına yeni zərbə
Millətlərarası münasibətlərin inkişafına yeni zərbə

"Neo ASALA" region üçün təhlükə olacaq

Bu gün regionda erməni toplumunun millətlərarası münasibətlərə vurduğu ağır zərbəni hamı görür. Bir tərəfdən Ermənistanın birmillətli, təcrid olunmuş əraziyə çevrilməsi, digər tərəfdən isə işğalçılıq siyasəti həyata keçirtməsi bütövlükdə tolerantlığa ağır zərbədir. Ən təhlükəlisi isə budur ki, bu təhlükə tək dövləti idarə edənlər tərəfindən yox, həm də toplumun özü tərəfindən də gəlir.
Çünki toplu əsrlər boyu istər hakimiyyət rəhbərliyi, istərsə də kilsə nümayəndələri tərəfindən abstrak ideyalara doğru yönləndiriliblər və nəticədə mümkün olmayan arzuların aktiv iştirakçılarına çevriliblər. Tək bunu demək kifayətdir ki, bu toplu artıq yüz ildir ki, iki meyarla idarə olunur. Birincisi olmayan erməni "soyqırımını" dünyaya tanıtmaq, ikincisi isə Böyük Ermənistan yaratmaq. Hətta bu ideyalara sahiblənmək üçün dünyada müasir dövrdə formalaşdırılan ilk terror təşkilatları da ermənilərə məxsus olub. Bu gün müasir dünyada terror təşkilatlarının sıradan çıxdığı bir zamanda ermənilər deyəsən bu ideyadan əl çəkə bilmirlər və yeni linklərə imza atmağa çalışırlar. Xocalı soyqırımını törədən bu toplu yenidən keçmişə qayıtmağa çalışır və bir növ nostalji hisslərdən əl çəkə bilmirlər. Erməni "soyqırım"nın 100 illiyi ərəfəsində isə bu aqressiya daha açıq şəkildə görünməyə başlayıb. Çünki istər erməni kilsəsi üçün, istərsə də erməni lobbisi üçün 100 illik yubley son şansdır. Bu ərəfədə erməni toplumunu inandırıb, yenidən idarəçilikləri altında saxlamağa nail ola bilməsələr 100 il ərzində qurduqları bütün prinsiplər alt-üst olacaq. Bunun üçün isə ilk növbədə keçmişə qayıtmalı və toplumun zəif damarını tutmaq vacibdir. Çünki artıq üfüqdə perspektivli heç nə görünmür və Qarabağın işğalı erməni toplumu ilə kilsə və hakimiyyət arasında bir uçurum yaratdı. Çünki erməni toplumu görür ki, Qarabağın işğalı əslində Ermənistanın ərazisinin böyüməsi yox, Rusiyanın köləsinə çevrilməsi ilə tamamlandı. Bu gün Dağlıq Qarabağı bütün dünya yenə də Azərbaycanın ərazisi kimi qəbul edir, bunun qarşılığında isə Ermənistan günbə-gün çökür. Başqa cür desək Dağlıq Qarabağı işğal edən Ermənistanın özü bütövlükdə işğal edilib. Bütün bunları görən kilsə və lobbi rəhbərliyi buna görə yeni taktikaya, əslində köhnə taktikaya yenidən əl atıblar. Belə ki, ermənilərin Suriyada yeni terror təşkilatı yaratdığı haqqında mətbuatda xəbərlər yer alıb. Bu təşkilatın əsasən türk diplomatlarına qarşı terror aktları həyata keçirmiş ASALA-nın varisi olduğunu elə onun adından da görmək olar. "Neo ASALA" adlı qurumun məqsədi guya Suriyada yaşayan ermənilərin həyatını və təhlükəsizliyini qorumaqdan ibarətdir. Amma "Neo ASALA"nın sələfinin ideya və arzularını, hərəkətlərini davam etdirəcəyini də arxa plana keçirmək olmaz.
"Neo ASALA" indi də terror aktları törədə bilərmi? Türk biznesmenləri və diplomatlarını "Yeni ASALA" cinayətləri gözləyirmi?
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti ermənişünaslıq bölümün başqanı Qafar Çaxmaqlı bildirib ki, belə bir təşkilatın olması barədə heç bir mətbuat orqanında dəqiq, səhih məlumatlar yoxdur. Onun sözlərinə görə bu baxımdan adı çəkilən təşkilatın mövcudluğu da şübhə doğurur.
"Bir vaxtlar "Nor ASALA" adından da təxribatlar edilirdi. Keçmiş ASALA-çılardan biri çıxıb dedi ki, belə bir örgüt yoxdur".
Q. Çaxmaqlı qeyd edib ki, buna baxmayaraq erməni terror təşkilatlarının məqsəd və vəzifələri də unudulmamalıdır.
"Ermənilərin ayrı-ayrı regionları əhatə edən silahlı qrupları var. 2012-ci ildə hətta onlardan biri olan "Uxt Ararati", yəni "Araratın qisası" bütün diaspor ermənilərini Qarabağda vuruşmağa səsləmişdi. Onların terrorçu qruplaşmaları bir mərkəzdən idarə olunur. Bu mərkəz İrəvandadır. Onlar göstəriş versələr, dərhal toplanırlar",-deyə ermənişünas alim bildirib.
Mərkəz rəhbəri Suriyada münaqişələrin başlanğıcından ermənilərin təşkilatlanmasını da istisna etməyib. Araşdırmaçı vurğulayıb ki, həmin qruplar Dəməşqdə erməni məhəlləsinə təhlükənin qarşısını almaq adı ilə Bəşər Əsədə dəstək verirlər. "Müxaliflər onların bu qruplaşmasını qova-qova Kəsab qəsəbəsinə sıxışdırıb məhv etmək ərəfəsində bu hay-küyü qaldırırlar. Guya yeni bir təşkilatdan, "Nor ASALA"dan bəhs edirlər. Bunun əsas səbəbi isə rəqiblərin onlardan çəkinməsinə hesablanıb. Suriyada belə bir təşkilat əslində yoxdur. Əsədin erməni silahlı qrupları vardır".Ermənilərin Azərbaycan və türk iş adamlarına nəsə etmək istəklərinə də Q.Çaxmaqlı aydınlıq gətirib."Ermənilər bunu hər zaman etmək istəyərlər. Amma indi artıq o zaman deyil. Bu tip terrorçu qruplaşmanın qarşısını almaq üçün bizim də əlimizdə metodlar var. ASALA-nın vaxtilə etdikləri "Erməni məsələsini" gündəmə gətirmək üçün idi. İndi fərqli məqsədlər var. Ermənilərin məqsədi odur ki, qondarma soyqırımın 100-cü ili ərəfəsində dünyanın diqqətini daha çox cəlb edə bilsinlər. Baxın, məlumatlar gedir ki, Ermənilər "Eurovision" mahnı yarışması üçün çoxlu pul ayırırlar ki, Ermənistanı qalib etsinlər. Nə üçün? Ona görə ki, gələn il qondarma "soyqırımının" 100 illiyidir. Bu yarışma Ermənistanda olması erməni təbliğatına əlavə güc verər. Bu ərəfədə belə təxribatlar olacaq".Terror təşkilatları üzrə mütəxəssis , professor Kamil Səlimov isə "Unikal"a açıqlamasında fərqli yanaşma ortaya qoydu:-"Belə bir təşkilatın yaranması istər Türkiyə, istərsə də Azərbaycan üçün problemlər yaradacaq. Necə ki, öncələr yaradıb. Bu səbəbdən hazır olmalıyıq. Bunların fəaliyyət proqramlarına, qarşılarına qoyduqları tezislərə baxsaq görərik ki, hər zaman bunlar qisasçılıq missiyasının daşıyıcıları olublar və bu gündə məlum qisasçılıq davam edir.Diqqət yetirirsinizsə bildirilir ki, bu təşkilatın filialı Suriyada yerləşəcək. Deməli bu təşkilatın harda yaranmasından aslı olmayaraq bir mərkəzdən idarə olunacaq və hədəf sözsüz ki, bəllidir. Bunuda unutmayaq ki, Suriya ilə Türkiyə arasında bu gün diplomatik bir savaş gedir və ermənilər bundan istifadə etməklə belə təşkilatlar yaradıb müəyyən addımlar atacaqlar. Qeyd edək ki, ermənilər bu günün özündə də Əsəd rejiminin yanındadır və buda əlavə faktor kimi dəyərləndirilməlidir. Bütün bunları nəzərə alaraq bildirirəm ki,bunlar bizlər üçün problem yarada bilərlər". Ekspertlər bunu da bildirir ki, ermənilərin yenidən ASALA adına müraciət etmələri təsadüfi deyil. Çünki ASALA türk dünyasına çox ağır zərbələr vuran bir təşkilat olub və hazırda bunu daha da mifləşdirməklə erməni toplumu arasında bir bütövlük yaratmağa çalışırlar. Məhz bu amillərdə hər zaman erməni toplumunu millətlərarası münasibətlərə zərbə vuran toplum kimi qəbul etdirib. "Unikal"a açıqlama verən hüquq müdafiəçisi Əvəz Həsənov isə məsələnin tamam başqa bir tərəfinə diqqət ayırmağı məsləhət gördü:-"Bu gün belə bir təşkilatın yaradılması əsasən bir neçə məqsəd güdür. İlk növbədə onlar çalışacaqlar ki, Suriya ermənilərini bir mərkəzdən idarə edərək öz məqsədləri üçün istifadə etsinlər. İkinci tərəfdən onlar çalışacaqlar ki, Suriyadakı erməniləri Ermənistana, əsasən də Dağlıq Qarabağa gətirməklə ordakı ermənilərin sayını artırsınlar. Bu isə sözsüz ki, Azərbaycanın maraqlarına ciddi zərbə olacaq. Başqa bir tərəfdən "soyqırım"ın 100 illiyinə görə bu təşkilat çalışacaq ki, dünyada yenidən anti-türk kompaniyasını gücləndirsinlər və bunun üçün istənilən addımdan istifadə olunacaq".Beləliklə gördüyünüz kimi erməni rəhbərliyi region üçün yeni təhlükə yaratmaqdadır və bu təhlükə regionda bütövlükdə tolerantlığa ağır zərbə vuracaq. Çox təəssüflər ki, beynəlxalq təşkilatlar Ermənistanın millətlərarası münasibətlərə vurduğu zərbəni görmək istəmir və bəzi məqamlarda hətta onlara dayaq da dururlar. Elə prezident İlham Əliyevdə son bəyanatında beynəlxalq təşkilatların fəaliyyətini sərt tənqid edərək açıq şəkildə bildirdi ki, bu təşkilatlar ikili mövqe sərgiləyirlər və indiyə qədər Ermənistana hansısa embarqo tətbiq etməyiblər. Məhz buna görə də Azərbaycanın artıq onlara inanmadığını və ordu quruculuğunu daha ciddi şəkildə həyata keçirtdiyini söylədi. Həqiqətən də Rusiya Ukraynanın Krım bölgəsini işğal edən kimi AŞPA-da Rusiya nümayəndə heyətinin fəaliyyəti donduruldu. Amma 20 ildir ki, AŞPA Ermənistanın işğalçılığına sadəcə olaraq göz yumur.