Qadınların Ali Hərbi Məktəbə qəbulu bərpa oluna bilər
Qadınların Ali Hərbi Məktəbə qəbulu bərpa oluna bilər

Məlum olduğu kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qadınların qəbulu 2009-cu ildən dayandırılıb.

Milli Məclis artıq bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı hərbi qanunvericiliyə yeniliklər etmək niyyətindədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən də 2009-cu ildən Müdafiə Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qadınların Azərbaycan Ali Hərbi Məktəbinə qəbulu üzrə sifarişin dayandırıldığı bildirilib.
Lakin sifarişin dayandırmasının səbəbləri açıqlanmayıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, son vaxtlar bununla bağlı xanım abituriyentlər tərəfindən üzv olduğu komitəyə edilən çoxsaylı müraciətlərdən sonra Müdafiə Nazirliyinə məsələ ilə bağlı rəsmi sorğu göndərilib: "Sorğuya cavab olaraq bizə bildirdilər ki, qeyd olunan vaxtdan Ali Hərbi Məktəbə qəbulla bağlı imtahanların aparılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına edilən müraciətdə qızların qəbulu nəzərdə tutulmur. Səbəbi isə konkret olaraq belə göstərdilər ki, hərbi məktəbdə təhsil zamanı sosial uyğunsuzluq, müxtəlif ictimai problemlər, psixoloji konfrontasiyalar və digər bu kimi problemlər aşkar olunub ki, bunu nəzərə alan nazirlik qızların hərbi məktəbə qəbulu sifarişini dayandırıb".
Z.Oruc onu da deyib ki, bu hal ali təhsil alma hüququ ilə bağlı ziddiyyətli məqamlara yol açdığı üçün hərbi qanunvericilikdə bununla bağlı yeniliklərin edilməsi gözlənilir: "Onsuz da bizim komitə Müdafiə Nazirliyi ilə birgə hərbi qanunvericiliyə aid digər məsələ ilə bağlı müzakirələr aparacaq. Artıq bununla bağlı edilən müraciətlərdən sonra bu məsələni də gündəmə gətirərək hərbi ali təhsillə bağlı hərbi qanunvericiliyə xüsusi müddəaların salınmasına ehtiyac olacaq. İndiyədək hərbi ali məktəblərə qəbul ali təhsil alma ilə bağlı qanunvericiliyin tərkib hissəsi idisə, artıq bunu hərbi qanunvericilikdə də ayrıca nəzərdə tutmaq lazımdır ki, gələcəkdə bu hal təkrar baş verməsin. Biz əminik ki, yeni müdafiə nazirimiz də buna humanist yanaşaraq, bu halın aradan qaldırılmasında Milli Məclislə həmrəy olacaq".