Tehrandan Qərbə qarşı şok bəyanat
Tehrandan Qərbə qarşı şok bəyanat

İranın müdafiə naziri: "ABŞ və İsrailin bütün kütləvi qırğın silahları arsenalı məhv edilməlidir"

"İranın raket proqramı müdafiə xarakteri daşıyır və müzakirə mövzusu ola bilməz". Bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan bildirib.
Onun sözlərinə görə, əslində İranın nüvə proqramı ilə razılaşma əldə olunduqdan sonra Orta Şərqin nüvə silahlarından təmizlənməsi məsələsinin gündəmə gətirilməsi lazımdır: "Bu məqsədlə əvvəlcə İsrailin nüvə, kimyəvi və bioloji silahları, daha sonra da bu qorxunc silahları ilk dəfə istifadə edən ölkə olaraq ABŞ-ın bütün belə silahları məhv edilməlidir. İsrail həmişə İranın müdafiə gücündən narahat olmalıdır. Çünki bu gücümüz olmasaydı, İsrail müharibə və qan tökülməsi yolu Orta Şərqi hegemonluğu altına alardı. Pentaqon rəhbərinin İsrailin İranın nüvə məsələsindən çıxış yolunu tapmaları üçün bir çarə düşünmələrinə icazə verdiyi istiqamətində açıqlama verməsi super güc iddiasında olan ABŞ kimi bir ölkə üçün utancvericidir. Biz nüvə müzakirəçilərimizdən "altılıq" ölkələri ilə danışıqlar aparmaqla yanaşı, bölgənin təhlükəsizliyi üçün ən böyük təhdid sayılan İsrailin nüvə, kimyəvi və bioloji silahlarının məhvi üçün bütün səylərini əsirgəməməsini xahiş edirik".
H.Dehqan deyib ki, İran bölgə ölkələri ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməyin tərəfdarıdır: "İranın müdafiə strategiyası dost ölkələrlə faydalı münasibətlərə arxalanmaqdır. Lakin təcavüzkarların məhv edilməsi mütləq yerinə yetiriləcək. İranın müdafiə doktrinası ali dini liderin fətvasına əsasən kütləvi qırğın silahlarından, istər nüvə, istərsə də kimyəvi silahlardan istifadəni haram saymaqla rədd edir. Hazırda terrorizm ABŞ və müttəfiqlərinin strateji yanlışlıqları, maliyyə və silah dəstəklərinə görə dünya üçün ciddi təhdidə çevrilib. Bu məsələ bölgə və beynəlxalq arenada etimadsızlığın başlıca ünsürüdür. Ona görə də bu fenomenlə birgə mübarizə aparmaq bütün ölkələrin vəzifəsidir. İran ABŞ və müttəfiqlərinin digər ölkələrin daxili işlərinə müdaxilələrinə, qanuni hökumətləri devirmək və müstəqil ölkələrin təcridi üçün söz azadlığı, təhlükəsizlik və demokratiya terminlərindən sui-istifadə etmələrinə qarşıdır. İran həmçinin Misir, Ukrayna, Suriya və dünyanın bəzi digər ölkələrində baş verdiyi kimi siyasi azadlıqların repressiyası üçün zalımcasına üsullardan istifadəni də pisləyir".
Murad İbrahimli