Azərbaycanın regionda son sözü
Azərbaycanın regionda son sözü

Rusiya Ermənistanı qurban verə bilər

Gözlənilən proses baş verdi. Rusiya çoxdan formalaşdırmaq istədiyi Avrasiya İttifaqını təsis etdi. Düzdür, hazırda bu qurumun nə qədər dayanıqlı olacağı, keçmiş sovetlər birliyi statusunu üzərinə götürə biləcəyi sual altındadır. Amma reallıq budur ki, Rusiya ilə yanaşı Qazaxıstan və Belorusiyada bu ittifaqa üzv oldu. Amma gözlənilirdi ki, Ermənistanda bu ittifaqa daxil olacaq.

Hələlik isə sadəcə olaraq Ermənistana vaxt verildi. Amma gəlin öncəliklə ittifaqın yaranması zamanı səslənən bəzi fikirlərə diqqət ayıraq. "Azərbaycan hesab edir ki, Ermənistan bu gün Astanada təsis olunan Avrasiya İttifaqına üzv ola bilər. Ancaq Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlər çərçivəsində". Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat verib.Ermənistan 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına daxil olaraq bu təşkilatın 145-ci üzvünə çevrilib. Azərbaycan o vaxt Ermənistanın ancaq BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində bu təşkilata üzvlüyünə razılıq verib."Biz Azərbaycan prezidentindən məktub almışıq ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub. Bu, müzakirə üçündür" - deyə Nazarbayev bildirib.Xatırladaq ki, Astana toplantısında iştirak edən Serj Sərkisyan Ermənistanın Avrasiya İttifaqına iyunun 15-də qoşulacağını elan edib, ittifaqın təsisçilərindən bu günün rəsmiləşdirilməsini xahiş edib.İndi isə bu açıqlamadakı bəzi məqamlara baxaq. Öncəliklə bir çox təzyiqlərə baxmayaraq Azərbaycan nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına qoşulmadı. Bununla da istər Rusiyanın, istərsə də Avropanın təsir dairəsində olan bloklardan kənarda durdu. Bunu da xatırladaq ki, son bir neçə ay ərzində Avropa çox ciddi şəkildə Azərbaycana təzyiqlərini artırmışdı və Ukraynadan sonra Azərbaycanıda Rusiya ilə üz-üzə qoymağa çalışırdılar. Amma Azərbaycan bu təzyiqlərə duruş gətirdi və nəticə göz qabağındadır. Avrasiya İttifaqının yaranması zamanı başqa bir təhlükə kimi Ermənistanda göstərilirdi. Əksər analitiklər hesab edirdi ki, Rusiya Azərbaycana təzyiqlərini artırmaq üçün Ermənistana xüsusi statuslar verəcək və bu ölkə yeni ittifaqda həm də Dağlıq Qarabağın sahibi kimi çıxış edəcək. Çünki Rusiyadakı bəzi qüvvələr, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rusiyalı nümayəndələri bəyan edirdilər ki, Ermənistana qarşı hərbi təzyiqlər olarsa KTMT Ermənistana hərbi yardımını edəcək. Ancaq proseslər bunun tam əksini sübutladı və yeni ittifaq yaranan zaman Azərbaycanın maraqları ən yüksək səviyyədə qorundu. Hətta Ermənistan fakt qarşısında qaldı. Belə ki, Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün faktiki Dağlıq Qarabağ iddiasını dilinə gətirməməli və öz əraziləri hüdudunda bu birlikdə iştirak etməlidir. Başqa cür desək Ermənistan bu təşkilatın qapısından içəri daxil olan anda Dağlıq Qarabağı unutmalıdır. Hətta belə versiyalar səslənir ki, növbəti mərhələdə Rusiyanın təzyiqləri ilə Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ətrafı rayonlardan imtina etməli olacaq. Bu isə başqa maraqlı bir prosesi də ortaya çıxarır. Aydın olur ki, ATƏT-in Minsk qrupunun həmsədri də 6 bəndlik təkliflər paketi ilə çıxış etmişdi və əsas məqsəd Dağlıq Qarabağın ətrafındakı rayonların azad olunması idi. Ekspertlər hesab edir ki, belə bir olayın ortaya çıxması sübut edir ki, istər Rusiya, istərsə də Avropa Azərbaycanı tam olaraq yanlarında görmək üçün belə manevrlərdən istifadə edirlər. Azərbaycanı isə bir sual düşündürür, tərəflər nə qədər səmimidir? Sözsüz ki, bu suala veriləcək cavab Azərbaycanın tutacağı sabahkı xəttə bir başa təsirini göstərəcək. İlkin mərhələdə bu faktdır ki, istər Avropa, istərsə də ABŞ zaman-zaman hansısa bəyanatlarla çıxış etsələrdə Ermənistana heç bir halda hansısa təzyiq göstərməyiblər. Məsələn, Rusiya Krımı işğal edən kimi bu ölkəyə qarşı ən yüksək səviyyədə sanksiyalar tətbiq edildi. Amma Ermənistana bu günə qədər heç bir təzyiq göstərilməyib. Tutalım sabah, həqiqətəndə ABŞ –lı həmsədrin təklifləri daha böyük tribunalardan
səsləndiriləcək, bəs reallıqda nə olacaq? Bu günə qədər Avropanın tutduğu mövqe sübutlayıb ki, onlar erməni lobbisinin təsirindən Ermənistanla sərt dildə danışa bilmirlər və bu günlərdə Ermənistana səfər edən Fransa prezidentinin tutduğu mövqedə bunu təsdiqlədi. Aydın oldu ki, Avropa Ermənistanı Dağlıq Qarabağa görə itirmək niyyətində deyil və Azərbaycan sona qədər onlarla səmimi ola bilməz.Belə olan halda Rusiya variantına da baxmaq zərururəti yaranır. Öncəliklə bunu qeyd edək ki, hazırda Ermənistanda bir siyasi gərginlik var və hesab edirlər ki, Rusiya Ermənistanı qurban verə bilər. "Serj Sərkisyana Qarabağla bağlı 15 gün vaxt verilib".Bu sensasiyalı iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Moskvanın Qarabağa sülhməramlılar yeridəcəyini bildirib: "Serj Sərkisyana Qarabağla bağlı 15 gün vaxt verilib. Bu vaxt ərzində o, mühüm dəyərləndirmələr etməlidir. Görünür, Moskva və ya hansısa başqa yerdə Sərkisyanı yaman qorxudublar. Ruslar Qarabağa sülhməramlıları yeritməklə məsələni həll etməyə çalışırlar. Bunun üçün çoxdan şans yaranıb. Öncə Rusiya Azərbaycanla ABŞ-ın əlaqələrinə zərbə vurur, Minsk qrupu formatını dağıdır, Ankara və Bakını özünə müttəfiq seçir. Əslində, sülhməramlıların burada yerləşdirilməsi Avrasiya İqtisadi Birliyi haqqında müqavilədən öncə olmalı idi. Amma məsələni Uorlik Kəlbəcər və Laçına səfərlə pozdu. Ardınca isə "B" planı işə düşdü. Cəbhədə gərginlik qaldırılacaq və Ermənistan Rusiyaya Qarabağa sülhməramlıları yeritmək üçün müraciət edəcək. Əliyev və Nazarbayev Qarabağla bağlı qərar üçün 1 iyula qədər ona vaxt veriblər. Sərkisyan qərar verməlidir». Düzdür, ekspertlər hesab edir ki, bu iddia doğru iddia kimi qəbul oluna bilməz. Amma fakt budur ki, Ermənistan hazırda Avrasiya İttifaqından məhz Dağlıq Qarabağa görə kənarda qalıb. Hesab etmək olar ki, bu prosesin davamı da olacaq və çox böyük ehtimal ki, Ermənistan hansısa məsələlərdə güzəştə getməli olacaq. Çünki bu gün Azərbaycan Rusiya üçün çox həlledici bir gücə çevrilib və Azərbaycanın atacağı addım Rusiyanın regiondakı təsir imkanlarını dəyişə bilər. Buna görə də Rusiya istənilən gedişdən yararlanaraq Azərbaycanla müttəfiqliyini dərinləşdirməyə çalışacaq. Ən azından ona görə ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və belə bir ölkənin Rusiya ilə müttəfiqliyi əlavə imkanlar yaradır.Ekspertlər hesab edir ki, hazırkı məqamda Rusiyanın Ermənistana hərbi dəstəyini dayandırması Dağlıq Qarabağ probleminin həlli demək olar. Yəni sabah Dağlıq Qarabağ müharibəsi başlayarsa, Rusiya bu müharibəyə müdaxilə etməzsə Azərbaycanın hərbi potensialı imkan verir ki, Dağlıq Qarabağı qısa müddətə azad etsin. Bunu ermənilərdə yaxşı bilir və bu səbəbdən hazırda diplomatik sahədə yaranan naktaun durumundan çox narahatdırlar və bu məqamda onlara dəstək yenə Qərbdən gələ bilər. Yəni Avropa təşəbbüsü ələ alaraq danışıqlar prosesini uzatmaqla Ermənistana nəfəs verə bilər. Bunu da xatırladaq ki, regiona səfər edən Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Fransaya dəvət elədi və ola bilsin ki, bu səfər tezləşdirilsin. Çünki hazırda söhbət tək Dağlıq Qarabağın taleyindən getmir, həm də Rusiyanın təsir imkanları ortaya çıxır. Analitiklər hesab edir ki, son zamanlar İranın və Türkiyənin də mövqeyində bir yaxınlaşmanın müşahidə olunması digər cəbhəni narahat edir. Dünənə qədər Dağlıq Qarabağla bağlı mövqeyində sürüşkənlik edən İran , indi açıq şəkildə Azərbaycanı dəstəkləyir və İlham Əliyevin İrana səfərindən sonra İran-Azərbaycan münasibətlərində bir istiləşmə müşahidə olundu. Bütünlüklə götürəndə hesab etmək olar ki, hazırda regionda güclərin
toqquşması pik həddindədir və proseslər heç də Ermənistanın xeyrinə işləmir, hətta bu vəziyyətə görə Ermənistanda siyasi hakimiyyətin dəyişməsi də qaçılmaz olacaq. Necə ki, illər öncə Ermənistan prezidenti Ter-Petrosiyan aciz duruma düşmüşdü və işğal olunmuş ərazilərin geri qaytarılması faktı ilə üz-üzə qalmışdı. Məhz həmin anda Ermənistanda zor gücü ilə Ter-Petrosiyan görəvindən alındı və vəziyyət sabitləşdi. Bir çox mütəxəssislər hesab edir ki, yenə də eyni durum yaranıb və Ermənistan bu variantdan yenə istifadə edə bilər. Amma istənilən halda Rusiyanın təsirini də unutmaq olmaz.
Beləliklə hesab etmək olar ki, Avrasiya ittifaqının təsisi edilməsi regionda bir sıra məsələlərə bir başa təsir edəcək. İlk növbədə region dövlətləri bir-biri ilə münasibətlərini yenidən aydınlaşdırmalı və mövcud olan münaqişələri yenidən danışıqlar masası üzərinə gətirməlidirlər. Bunu da unutmayaq ki, ABŞ-da regiondakı maraqlarından imtina etmək niyyətində deyil və elə məqam ola bilər ki, hətta Avropadan kənarda da siyasi xətt yürüdə bilər. Bu baxımdan zaman-zaman ABŞ-ın aqressivləşməsi prosesi də ortaya çıxa bilər. Azərbaycana gəldikdə isə hələ ki, gözləmə mövqeyi davam edir və ən doğru yolda məhz budur. Çünki Azərbaycan regionda özünü iqtisadi resurslarla təmin etmiş bir ölkədir və bizlər üçün yeganə problem Dağlıq Qarabağ problemidir. Bu problemin həllinə dəstək verəcək istənilən güclə əməkdaşlıq etməkdə isə heç bir qəbahət yoxdur. İndi isə söz böyük oyunçularındır.
Mehdi Əli