Müəllimlər Mikayıl Cabbarova qarşı qiyama qalxa bilər
Müəllimlər Mikayıl Cabbarova qarşı qiyama qalxa bilər

Təhsil nazirinin etməyə hazırlaşdığı "yenilikləri" indidən sərt etiraz doğurmağa başladı

Son zamanlar təhsillə bağlı gündəmdə olan bir neçə qalmaqallı məsələ - tədris ilinin iyunun 15-nə kimi uzadılması, müəllimlərin biliyinin yoxlanılması üçün imtahanların keçirilməsi və s. heç də birmənalı qarşılanmayıb.
Xatırladaq ki, tədris ilinin üç həftə uzadılacağını təhsil naziri Mikayıl Cabbarov da təsdiqləyib, o jurnalistlərə açıqlamasında "yeni tədris ilindən başlayaraq tədricən təhsil müddətinin uzadılması və tətillərin qısaldılması tətbiq olunacaq" deyə bildirib.
Əldə etdiyimiz məlumata görə, artıq orta məktəb müəllimləri həm tədris ilinin uzadılmasına, həm də müəllimlərdən yenidən imtahan götürülməsinə kəskin etiraz edirlər.
Məsələn, orta məktəbdə fizika müəlliməsi olan şairə Kəmalə Abıyeva müəllimlərin biliyinin yoxlanılması üçün sınaq imtahanlarının keçirilməsinə kəskin etiraz edib. O, musavat.com-a açıqlamasında bu addımın müəllimləri aşağılamaqdan başqa bir şey olmadığını deyib: "Hazırkı təhsil naziri Təhsil Nazirliyində bir gün belə, işləməmiş adamdı. Elə adamları da özünə müavin təyin edib ki, onların heç biri heç nə bilmir. Bu halda mən kimə imtahan verəcəm? Mən özümə güvənən müəlliməyəm. Onlar bizə sual tərtib edəcəklər, biz də nazirliyin işçilərinə 50 sual tərtib edək, görək cavab verə biləcəklərmi? Mən müəllimlərdən imtahan götürülməsinə müəllimlərin aşağılanması kimi baxıram. Onsuz da hər bir müəllim imtahan verə-verə bu pilləyə yüksəlir. Daha yenidən nəyə lazımdır ki, biliyin yoxlanılması üçün imtahan vermək. 40 ilə yaxın iş stajım var, bu, nəyə görədir, anlamıram".
Kəmalə Abıyeva tədris ilinin uzadılmasına da öz etirazını bildirib: "Tədris müddətini uzatmaq istəyirlər. Bunun əleyhinəyəm. Qoy, elə tədris ili sentyabrın 1-də başlayıb, mayın 25-də bitərdi. Bu illər uzunu belə olub, hər yerdə də belədir. Sonra tədris ilinin başlanmasını sentyabrın 15-nə keçirdilər. Buna görə də vaxtı uzadıb, tədris ilinin bitməsini də mayın 31-nə keçirdilər. İndi isə tədris ilini iyunun 15-nə kimi uzatmaq istəyirlər. Guya 15 gün ərzində tədris ilində yaranmış bütün problemləri həll edəcəklər. Baxın, təhsil nazirinin düşüncəsidir, bu... Guya təhsildə olan problemlər tədris ilinin qısaldılması ilə bağlıdır. Bu tətbiq olunsa, biz daha yüksək keyfiyyətə malik olacağıq. Bu, absurd bir təklifdir. Məsələn, 5 ay dərs keçə bilərik, daha keyfiyyətli, 100 faiz nəticə əldə edərik, 15 ay dərs keçə bilərik, keyfiyyətimiz 20 faiz ola bilər. Bizim təhsili soyundurdular, lüt edib, qırağa qoydular. İndi onu geyindirməyə paltar yoxdur. Avropa, Amerika nümunələrini tətbiq etməyə çalışırlar. Elə bil yamaq vururlar".
Kəmalə xanım bu problemlərin aradan qalxması üçün sovet təhsil sisteminə dönməyi də təklif edib: "Bizim əvvəl gözəl təhsil sistemimiz var idi. Yeniliyi yenə tətbiq edin, amma bu cür yox... 70 il sovetin dövründə 15 respublika başdan ayağa savadlandı. Bütün dünya bu təhsil sisteminin uğur əldə edəcəyinə inanmırdı. Bunu sökdülər, dağıtdılar, qoydular bir kənara... Əvəzində isə hələ heç nə yoxdur. Mən sovet təhsilinin tərəfdarıyam. Əvvəllər yeni nazir gələndə, qayda pozan, rüşvət alan müəllimə inzibati cəza verilirdi. Sən təhsil nazirisən, bizə bir az sevgi ilə yanaş. Sən müəllimə inzibati cəza verərək, gəlmisənsə, mən sənin üçün qorxudan nə yaxşı iş görə bilərəm. Sadəcə uşaqlar həqiqətən də savadına görə oxumalıdırlar. Razıyam, Avropadakı təhsil sistemini tətbiq etsinlər. Amma bu uğur gətirməyəcəksə, nəyə lazımdır? Təhsil sistemini çox pis günə qoyublar".
Əldə etdiyimiz məlumata görə, orta məktəb müəllimlərinin mütləq əksəriyyəti eyni fikirdədir. Onlar təhsil naziri Mikayıl Cabbarovun anonsunu verdiyi "yeniliklər"i rəsmiləşdirməyəcəyini fikirləşirlər. Ona görə də hələlik sərt etiraz etmirlər.
Amma həm tədris ilinin uzadılması, həm də müəllimlərin yenidən attestasiyası ilə bağlı qərar qətiləşərsə, nazirə qarşı müəllimlərin ciddi təpkilərinin olması şübhə doğurmur.
Qeyd edək ki, bəzi ekspertlər haqqında danışılan təkliflərin həm şagirdlərin, həm də müəllimlərin ziyanına olmadığını düşünürlər. Onlar nazirliyin etməyə hazırlaşdığı "yeniliklərin" öz səlahiyyətləri çərçivəsində olduğunu bildirirlər. Amma bir çox ekspertlər də müəllimlər kimi, təkliflərin reallaşmasına qarşıdırlar və bunun təhsildə hər hansı keyfiyyət dəyişikliyinə gətirməyəcəyini deyirlər.
Ülviyyə Qasımlı