Bəzi məmurların şok
Bəzi məmurların şok "putyovka biznesi"

Onlar işçilərini öz istirahət mərkəzlərinə göndərirlər

Artıq yayın ikinci ayı arxada qalmaqdadır. Havaların getdikcə daha da istiləşməsi hər kəsi özünə istirahət edəcək bir yer axtarmağa vadar edir. Bürkülü yay boyunca istirahətsiz işləmək də müşkül görünür. Amma indi yay istirahəti üçün hər vətəndaşın imkanı olmadığı da bir həqiqətdir. Bu sarıdan ən çox bəxti gətirən isə heç şübhəsiz, məmurlardır.

Reallıq onu deməyə əsas verir ki, mövcud 11 iqlim qurşağının 9-u Azərbaycanı əhatə etsə də, məmurlar istirahətlərini xaricdə keçirməyə üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Birincisi odur ki, yüksək vəzifəli məmurlar 35-45 günlük istirahətlərini dəbdəbəli şəkildə keçirirlər, buna ən azı 10 ailənin bir illik dolanışığı civarında pul xərcləyirlər.
Amma daha maraqlı odur ki, bir çox məmurlar yay istirahətinə külli miqdarda pul xərcləməklə kifayətlənmirlər. Onlar tabeçiliyində olan işçilərin yay tətilini belə gəlir əldə etmək üçün əla fürsətə çevirməyi bacarırlar.
Belə ki, bəzi yüksək çinli məmurların ölkə daxilində kifayət qədər dəbdəbəli istirahət mərkəzləri var. Həmin istirahət mərkəzləri əsasən ölkənin şimalında - Qubada, Qusarda, həmçinin Şamaxı-İsmayıllı zonasında yerləşir.
Əldə etdiyimiz məlumata görə belə istirahət-əyləncə mərkəzlərinə malik olan yüksək çinli məmurların bəziləri öz işçilərinin qarşısına öz ailəvi yay istirahətlərini məhz həmin istirahət-əyləncə mərkəzlərində keçirməyi şərt kimi qoyublar. Bunu onlar rəhbərlik etdikləri qurumlardakı həmkarlar təşkilatı vasitəsilə həyata keçirirlər. Həmkarlar təşkilatı işçilərə belə istirahət mərkəzlərinə göndəriş ("putyovka") satır. Bununla da bəzi məmurlar işçilərinin yay tətili sayəsində öz obyektlərinin müştərisiz qalmamasına nail olurlar.
İddialara görə, ümumiyyətlə, bəzi məmur oliqarxların gəlir mənbələrindən biri də həmkarlar ittifaqlarıdır. Onlar bu qurumlar vasitəsilə də büdcə pullarının əhəmiyyətli hissəsini mənimsəyirlər. Deyilənə görə, mənimsələr əsasən yollayışlar("putyovka") vasitəsilə həyata keçirilir.
Elə qurumlar var ki, orada işçilərə hər ay yollayış verilir. Yay mövsümü başlayanda isə bu yollayışların sayı yüzlərlə olur. Həmin vaxt iri çaplı məmur yüzlərlə işçisini özünə məxsus istirahət mərkəzinə dincəlməyə göndərir. Məlumatlara görə, bu zaman xərclərin cüzi hissəsi(yol xərci) işçilərin üzərinə düşür. Qalan xərclər isə qurumun büdcəsindən ödənilir. Hətta bir işçinin dincəlməsinə 1500-2000 manat civarında pul "xərcləyən" dövlət qurumlarının olduğu da deyilir. Qiymətlər yollayışların növündən asılı olaraq dəyişir. Adi, yarımlüks, lüks şəraiti olan otaqlar var ki, bunlar da qiymətlərə təsir göstərir. Lakin istənilən halda dövlət balansında olan sanatoriyalar məmurların istirahət mərkəzlərindən çox geridədir. Yəni onların istirahət mərkəzlərinə yollayışın qiyməti də sanatoriyalara nisbətən xeyli bahadır. Beləcə, bir çox məmurlar bir güllə ilə iki quş vururlar: həm yollayışların qiymətlərinin "şişirdilməsindən" qazanırlar, həm də öz işçilərinin elə öz istirahət mərkəzlərinin müştərisinə çevrilməsindən gəlir əldə edirlər.
Ülviyyə Qasımlı