Ukraynada səfərbərlik elan olundu
Ukraynada səfərbərlik elan olundu

Poroşenko ölkəsinin İsraillə eyni statusa malik olmasını istədi

İyulun 22-də Ukrayna parlamenti prezident Pyotr Poroşenkonun ölkədə qismən səfərbərlik edilməsi barədə fərmanını təsdiqləyib. 232 deputatın təsdiqlədiyi fərman bütün Ukrayna üzrə ehtiyat qüvvələrin 45 gün ərzində orduya çağırılmasını nəzərdə tutur. Orduya 45 yaşınadək zabit və serjantlar, 40 yaşınadək sıravilər və 60 yaşınadək ali zabitlər çağırılır.

Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
İyunun 20-də Ukrayna prezidenti Pyotr Poroşenko Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücum əmri verib.

Poroşenko: "Ukrayna
İsraillə eyni statusa
malik olmaq istəyir"

"Ukrayna "NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi" statusunu almaq istəyir". Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Ukraynadakı vəziyyəti yoluna qoymaq üçün bütün metodlardan istifadə etmək lazımdır: "Əgər burda Qərbin sanksiyaları kömək edəcəksə, onda bunu davam etmək lazımdır. Əgər onlar işləməyəcəksə, ABŞ Konqresinə bizə NATO-dan kənar əsas müttəfiq statusu verməsi üçün müraciət etmək mümkündür".
Qeyd edək ki, 1982-ci il Böyük Britaniya ilə Argentina arasında baş verən "Folklend müharibəsi" zamanı Argentina belə bir statusa malik idi. İndi isə İsrail, Yaponiya və Cənubi Koreya bu statusu daşıyır.
Lakin "əsas müttəfiq" statusu ABŞ-ın müttəfiqinə hərbi kömək göstərməyi tamamilə qətiləşdirmir.

Rusiyalı və ukraynalı
turistlərin arasında da "müharibə gedir"

Deyəsən, Rusiya ilə Ukrayna arasındakı gərginlik artıq bu iki ölkənin vətəndaşlarının münasibətlərinə də təsir etməyə başlayıb.
Bir neçə gün əvvəl Türkiyədəki istirahət mərkəzlərinin birində rusiyalı və ukraynalı turistlər əlbəyaxa davaya çıxıblar. İstirahət məkanında əyləncə vaxtı ukraynalılar Rusiyanın ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Sankt-Peterburqdan olan turistlər əvvəlcə buna fikir verməsələr də, sonradan ukraynalıların daha da coşduğunu görüb onların üzərinə hücuma keçiblər. Ukraynalılarla bərabər, ərazidə istirahət edən alman turistlər də "rus qapazı" yeyib. Fransızlar isə ruslara dəstək verib. Həmçinin qafqazlılardan dəstək alan rusiyalılar kiçik qələbə qazanıblar. Onlar hətta otelin üstünə Rusiya bayrağı sancıblar. Yalnız çoxsaylı türk polisi işə qarışdıqdan sonra kütləvi davanın qarşısı alınıb.
Analoji insident Misirin turizm zonalarında da qeydə alınıb. Bu haqda "Facebook"da rusiyalı turist Olqa Yefiminko yazıb. O bildirib ki, ukraynalılar rusiyalı turistləri "Krım bizim, Misir sizin" ifadələri ilə, ruslar da öz növbəsində onları sinələrinə vurduqları Georgiyev lentiı ilə qıcıqlandırırlar.
Hətta Misir otellərinin birində belə mübahisədən sonra bir ukraynalının hovuzda rusiyalı turisti boğmaq istədiyi haqda da məlumatlar yayılıb.

Putin ABŞ-ı Rusiya ilə müharibəyə çağırdı

"Ukraynada Malayziyaya məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə bu ölkə arasındakı gərgin münasibətlər yeni məcraya qədəm qoyub. Qəzanın məsuliyyəti Qərb və Avstraliya tərəfindən Rusiyanın üzərinə atıldı. Ukraynanın hökumət dairələrindən bəziləri də Moskvanı günahlandırır. Rusiya isə təktərəfli ittihamları qəbul etməyərək, Ukraynanı müharibə ilə hədələdi. Ardından Şərqi Ukraynadakı seperatçı qüvvələr ayağa qaldırıldı. Faktiki olaraq regionda Rusiya-Ukrayna müharibəsi gedir. Qərb dövlətləri isə prosesləri kənardan izləyir. İndiki məqamda müzakirə olunan əsas mövzulardan biri də Qərb dövlətlərinin Rusiya ilə mübarizədə Ukraynaya kömək edib etməyəcəyidir". Bu sətirlər isə "olaylar.az saytında dərc edilən analitik məqalədəndir.
Məqalənin davamında deyilir:

Qərb bloku dağılır

ABŞ-la əlaqələri indiki məqamda o qədər də yaxşı olmayan Avropa İttifaqı dövlətləri belə bir addım atmayacaqlar. NATO da Amerika belə bir qərar qəbul etsə, getməyəcək. Çünki NATO-da söz sahibi olan dövlətlərin əksəriyyəti Avropa İttifaqı üzvüdürlər. Məsələn, ABŞ vaxtilə Vyetnama hücum edəndə əsas müttəfiqi Fransa onu Asiyada tək qoyaraq geri çəkildi. Müharibədə xeyli insan və nüfuz itirdiyini görən Fransa milli maraqlarını ABŞ-ın geosiyasi məqsədlərinə dəyişmədi. Fransa eyni oyunu Nigeriyada da sərgilədi. İndi isə ABŞ tərəfindən Fransanın ən böyük banklarından biri olan "Paribas"a sanksiya tətbiq etməsi rəsmi Parisi ciddi şəkildə qıcıqlandırıb. Almaniya da məsələnin güc yolu ilə həll edilməsinin əleyhinədir. İqtisadi tənəzzüllə üzləşmiş İspaniya, İtaliya, Yunanıstan da proseslərdə passivdirlər. İngiltərə isə ikili oynayır. Londonun nə fikirləşdiyini bilmək çətindir. Milyardlarla dollar rus investisiyasına ev sahibliyi edən Finlandiya ümumiyyətlə ortalıqda görünmür. Avstriya, Bolqarıstan və Balkan dövlətləri Rusiya ilə yeni enerji sazişi imzalayıblar. Hollandiya, İsveç, Danimarka və İsveçrə siyasi proseslərdə yer almırlar. Baltikyanı dövlətlər (Latviya, Litva və Estoniya) Rusiyaya qarşı aqressiv münasibət sərgiləsələr də təhlükəsizlikləri üçün ABŞ-ın istəklərinə cavab verəcəkləri o qədər də inandırıcı deyil. Şərqi Avropadan isə yalnız Çexiya və Polşa NATO-ya qapılarını açıq elan ediblər. Hər iki dövlətin regiondakı mövqeyi strateji cəhətdən əlverişli olsa da bu ABŞ-a bəs etmir. Vaşinqton Rusiyaya tutarlı cavab (əsasən də iqtisadi dillə) vermək üçün Avropa ilə geniş koalisiya yaratmaq istəyir. Brüssel isə hələlik ABŞ-ın geosiyasi planlarının icrasına yaxın durmur. Keçən illər ərzində Amerikanın Vyetnam, İraq, Əfqanıstan, Liviya, Misir, Tunis, Suriya və digər ölkələrdə reallaşdırdığı müharibələr Avropa İttifaqının siyasi və iqtisadi imicinə ciddi şəkildə zərbə vurub. Xüsusilə Qəddafinin öldürülməsi planında Rusiyanın aldadılması Avropaya baha başa gəldi. 2011-ci ildə ABŞ Liviyada Rusiyanı qıcıqlandıran qərar qəbul etdi. BMT Təhlükəsizlik Şurası Liviyada vətəndaşların qorunması məqsədi üçün regionda təhlükəsizlik bölgəsinin yaradılması ilə əlaqədar veto qoymaması üçün Moskvanı razı saldı. Lakin NATO-nun Liviyaya hərbi müdaxiləsi nəticəsində rejim dəyişikliyi baş verdi və polkovnik Qəddafi öldürüldü. Rusiya məsələyə veto qoyanda bunu gözləmirdi. Qəddafini öldürməklə ABŞ həm Rusiyanı aldatdı, həm də onu heçə saydı. Hesablaşmadı. Nəticədə isə Rusiya Avropaya satdığı qazın qiymətini bahalaşdırdı. Belə bir vəziyyətdə ABŞ ən yaxşı halda Avstraliya, Yeni Zelandiya kimi o qədər də güclü olmayan dövlətlər vasitəsilə Rusiyaya tətbiq etdiyi sanksiyaları bir qədər də gücləndirə bilər. Lakin ifratına getməyəcək. Çünki bu qədər Rusiyanın üzərinə getdikcə, onu daha da əsəbləşdirdiyini bilir. Rusiya ABŞ-ı qıcıqlandırmaq üçün Abxaziya və Cənubi Osetiyanı Gürcüstan, Dnestryanı bölgəni isə Moldovadan qoparmışdı.

Putin ABŞ-a
müharibə elan etdi

Əslində bu gün Ukraynanın işğal edilməsi və Rusiyanın qlobal səhnədə geniş əl-qola açılmasına zəmini ABŞ-ın özü yaradıb. 80-ci illərin sonlarında qlobal kommunizmin çökdürülməsinə nail olan ABŞ siyasi ağırlığını müsəlman dövlətlərinin üzərinə saldı. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bir qolu olan "əl-Qaidə", sonrakı illərdə isə İŞİD kimi radikal təşkilatlar ortaya atıldı. Nyu-Yorkda CIA-nın təşkilatçılığı ilə terror aksiyası həyata keçirildi. Pentaqonun Əfqanıstana hücumu ilə digər müsəlman dövlətləri (İraq, Misir, Pakistan, Tunis, Suriya, Liviya, Oman və s.) "domino effekti"ilə bir-birinin üzərinə aşırıldı. Nəticədə isə yaddan çıxan Rusiya ABŞ-ın etinasızlığı ucbatından siyasi və hərbi güc toplayaraq yeni işğal planlarına münbit şərait yaratdı. Azərbaycan, Moldova, Gürcüstan və indi Ukraynada rahatlıqla işğal siyasətini reallaşdıran Rusiya Qərb blokundakı pərakəndəliyi görərək, ona müharibə elan etdiyini bildirir. Əslində Avropa ailəsinə yenicə qəbul olunmuş Ukraynaya müharibə əmri verməklə Putin açıq şəkildə bunun ABŞ-a yönəlik olduğunu nümayiş etdirir. Putin başa düşür ki, Obama indən sonra Avropa dövlətlərini bir çətir altına yığa bilməyəcək. Amerika Prezidenti bunu az əvvəl Aİ dövlətlərinin səfirlərilə Ağ Evdə keçirdiyi görüşündə "Avropa İttifaqı bu məsələdə qətilik göstərməsə belə, rəsmi Vaşinqton təklikdə Rusiyanı cəzalandıracaq!" deməklə nə qədər zəiflədiklərini özü dedi. Məsələnin üzərindən 3 gün keçməmiş Avropa mediası Rusiya-Ukrayna müharibəsinin başladığını yazır.

Çörçilin tezisi
təkrar olunur

Yəni ki, Avropa dövlətləri Rusiyanın Ukrayna işğalına göz yumacaqlar. Həmin dövlətlər üçün ABŞ-ın geosiyasi maraqlarından çox, milli təhlükəsizlikləri daha vacib məsələdir. Məsələn, İkinci Dünya Müharibəsində İngiltərənin baş naziri Uinston Çörçill nasist Almaniyasına zərbə endirməyə çalışan müttəfiqlərini gizli şəkildə Hitlerə satdı. Çörçillin əsas məqsədi hər iki tərəfdə xoşgörü yaradaraq təhlükədən sığortalanmaq idi. İndi də eyni addımı Avropa İttifaqı dövlətləri ABŞ-a qarşı ata bilərlər, bəlkə də atıblar. Yoxsa ki, humanist adam kimi tanınan Obama heç vaxt müttəfiqlərinə qarşı aqressiv danışmazdı. Obamanı çox az hallarda əsəbi görmək olar. Həmin an isə belə bir vəziyyət məsələnin daha ciddi olmasından xəbər verir.

Kənan Rzaquliyev