Qubad İbadoğlu rəqiblərinə qarşı savaşa hazırdır
Qubad İbadoğlu rəqiblərinə qarşı savaşa hazırdır

Başqanlığa iddialı iqtisadçı ekspertin tərəfdarları hərəkətə keçdi

Müsavat Partiyası başqanlığına əsas iddiaçılardan biri Qubad İbadoğlu partiya qərargahında müsavatçılarla görüşüb. Q.İbadoğlu məsləhət xarakterli görüşdə ünvanlanan sualları cavablandırıb.
"Unikal"ın məlumatına görə, görüşə əsasən Səbael və Yasamal rayon təşkilatlarının üzvləri qatılıb. Q.İbadoğlu görüşdə müzakirələrin səviyyəsindən razı qaldığını açıqlayıb: "Ziyalılarımızın - Vurğun Əyyubun, Hikmət Hacızadənin, Nüşabə Sadıxlının, Almas Əliqızının, Sədaqət Paşayevanın çıxışı hamımızda yüksək əhval-ruhiyyə və gələcəyə nikbinlik yaratdı. Hikmət bəyin replikaları ovqatımızı yüksəltdi. Hər birimiz bu toplantıdan xoş təəssüratlarla ayrıldıq". Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının qurultayıdır. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa iddialılar sırasında Qubad İbadoğlu, Arif Hacılı, Səxavət Əlisoyun adı çəkilsə də, indiyədək yalnız Tural Abbaslı rəsmi şəkildə başqanlığa namizədliyini irəli sürüb.
Müsavat Partiyasının Divan üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub partiyadakı başqanlığa əsas iddiaçılardan olan Qubad İbadoğlunun şansları barədə danışıb. V.Əyyub deyib ki, başqanlığa namizəd Qubad İbadoğlu Yaspersin söylədiyi tələblərə tam cavab verən namizəddir. V.Əyyub alman filosofu Karl Yaspersdən sitat gətirərək Qubad İbadoğlu haqqında bunları söyləyib: "Yaspers yazırdı ki, səbr, inadcıllıq, dəyanət - siyasi xadim üçün zəruri olan xüsusiyyətlər bunlardır. Səbr - onun şəxsi incikliklərə yad olan mənəvi mövqeyi ilə bağlıdır: o, həmişə ümuminin maraqlarından çıxış edir, dəlilləri götür-qoy edir və önəmli olanla önəmsiz olanı seçir. Bu səbr, gözləmə və ümidin mənasız göründüyü zaman dəyişməz olan diqqətdə özünü göstərir; o, saatlarla şikarı güdən, ancaq tülkü meşə talasına çıxan anda saniyənin bir hissəsində tüfəngi qaldırıb tuşlamalı və atəş açmalı olan pusqudakı ovçunun səbrinə bənzəyir! Müsavat Partiyasının başqanlığına namizəd Qubad İbadoğlu Yaspersin söylədiyi tələblərə tam cavab verən namizəddir".
Göründüyü kimi, Müsavatda başqan savaşına qoşulan namizədlərdən yeganə namizəd Qubad İbadoğludur ki, rəqiblərinə qarşı qara piar kampaniyası ilə mübarizə aparmır. Onun taktikası daha çox tərəfdar toplayaraq, qalanı içəridən fəth etməkdir.
Qərib Gəyarzadə