Füzuli Ələkbər Bakıya yeni bahalı avtomobillər gətirəcək
Füzuli Ələkbər Bakıya yeni bahalı avtomobillər gətirəcək

Keçmiş nazirin şirkəti İngiltərənin məşhur avtomobil
şirkətinin rəsmi distribütorluq səlahiyyətini aldı!

Tezliklə Bakıda "Rolls-Royce" avtomobillərinin satış mərkəzi fəaliyyətə başlayacaqdır. Belə ki, İngiltərənin "Rolls-Royce" avtomobil şirkəti Azərbaycanın "Rolls-Royce Motor Cars Baku" şirkətinə rəsmi distribütorluq səlahiyyətini verib. Oktyabrın sonunda markanın Bakıda satış salonu açılacaqdır.

"Rolls-Royce" Almaniyanın "BMW AG" konserninə daxildir. Azərbaycanda da "Rolls-Royce Motor Cars Baku" şirkəti "BMW"nin rəsmi idxalçısı "İmprotex Motors" şirkətinə bağlıdır.
Azərbaycanın iş elanı saytlarında yerləşdirilmiş elanlardan məlum olur ki, "Rolls-Royce Motor Cars Baku" işçi qəbuluna başlayıb. CV-lər 15 avqust 2014-cü il tarixinədək təqdim edilməli idi.
Bu ilin yanvarında "Rolls-Royce Motor Cars"ın baş icraçı direktoru Torsten Muller Otvos bildirmişdi ki, şirkət Azərbaycan və Qazaxıstan bazarlarına daxil olmaq imkanlarını öyrənir. Gələcəkdə bu ölkələrdəki əməliyyatlar "Rolls-Royce"un Dubaydakı ofisi vasitəsilə idarə olunacaqdır.
"Unikal" xatırladır ki, İngiltərənin "Rolls-Royce" avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribütorluq səlahiyyəti verdiyi "Rolls-Royce Motor Cars Baku"nun bağlı olduğu "İmprotex-Motors" keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. Məsələ burasındadır ki, "İmprotex-Motors" keçmiş nazirin biznes imperiyasını təşkil edən "İmprotex" şirkətlər qrupuna aiddir.
Ələkbərovun bu biznes imperiyası 1991-ci ildə yaranıb. Hazırda həmin holdinq daha çox "İmprotex Group" kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib.
Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi. Hazırda "İmprotex Group" ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - "İmair"in yaradılması da məhz "İmprotex"in adıyla bağlıdır. Hazırda "İmprotex" Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə nail olub.
"Unikal" ın araşdırmaları nəticəsində o da məlum olub ki, Ələkbərovun ölkəyə bahalı, lüks avtomobillər gətirmək üzrə ixtisaslaşan "İmprotex Motors" şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ofisləri və filialları Çində, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və digər ölkələrdə də fəaliyyət göstərir.
İndi "İmprotex Motors" şirkətinə bağlı qurum tərəfindən Bakıda "Rolls-Royce" avtomobillərinin satış mərkəzi mərkəzini açmağa başlaması sabiq nazirin "vurulduqdan" sonra biznesinin əlindən alınacağına dair məlumatları şübhə altına alır. Belə məlum olur ki, Ələkbərov nazir postundan uzaqlaşdıqdan sonra bütün gücünü biznesinin gücləndirilməsinə, genişləndirməsinə ayırmağa başlayıb.
Onun olduqca lüks və bahalı avtomobillərin Bakıda satış mərkəzini açması da bunu təsdiqləyir. Hesab edilir ki, həmin avtomobillərə kifayət qədəçr müştəri tapılacaq, bu səbəbdən Füzuli Ələkbərovun sözügedən satış mərkəzi sayəsində ciddi gəlir əldə edəcəyinə də heç bir şübhə qalmır.
Xatırladaq ki, Ələkbərovun biznes imperiyasına - "İmprotex Group"a avtomobil satışından başqa müasir qadın geyimləri, mətbəx ləvazimatları, nüfuzlu İtaliya brendlərinin satışı ilə məşğul olan, 1994-cü ildə yaradılmış "İmprotex Treydinq" şirkəti (idxal olunan sözügedən mallar Bakı şəhəri ərazisində şirkətə məxsus olan "İmproşop" mağazalar şəbəkəsində realizə edilir), əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğul olan, 2000-ci ildə yaradılmış "İmprotex Distribution Center" şirkəti (bu şirkətin əməkdaşlıq etdiyi biznes qurumları içərisində Gillette Group kimi iri şirkətin də adı var), həmçinin dünya şöhrətli yapon ticarət markası - "Yamaha"nın rəsmi distribütoru kimi fəaliyyət göstərən və yelkənli qayıqlar, asma mühərriklər, hidrosikletlər, motosikletlər, qar motosikletləri, generatorlar və digər malların satışı və texniki xidmətiylə məşğul olan, 2005-ci ilin avqust ayında yaradılmış "İmprotex Marine & Sporta Facilities" şirkəti və s. daxildir.
İstisna deyil ki, keçmiş nazir holdinqinə daxil olan adıçəkilən şirkətlərin də fəaliyyət arealını yaxın vaxtlarda daha da genişləndirəcəkdir.
Günel Əkbər