Nazir:
Nazir: "Xalq Cəbhəsi hökuməti "Şahdəniz" qaz layihəsi ilə bağlı eksklüziv danışıqlar aparılması üçün BP şirkətinə səlahiyyət vermişdi"

"Bunun müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus almışdılar"

"1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" adi bir saziş deyildi, o, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. Bu müqavilə həm də Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi".

Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd olunub.
Nazir bildirib ki, "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verib. Belə ki, 1997-ci il noyabrın 12-də "Çıraq" platformasından İlkin Neft Layihəsi çərçivəsində neft hasilatına başlanıb. 2005-ci ilin fevralında isə növbəti yataqdan – "Azəri"nin mərkəzi hissəsindən neft alınıb. "Mərkəzi Azəri"dən sonra "Qərbi Azəri" və "Şərqi Azəri" neft verib. Daha sonra isə "Dərinsulu Günəşli"dən hasilata başlanılıb.
N. Əliyev yazıb ki, ARDNŞ rəhbəri təyin olunandan sonra bütün xarici neft şirkətlərinin rəhbərlərini bir yerə toplayıb Ali Sovetdə iclas keçirib: "Səbəb ondan ibarət idi ki, həmin vaxta kimi 1992-ci ildən başlayaraq əvvəlki hakimiyyət dövründə qeyd olunan məsələ ilə bağlı BP şirkəti ilə ölkəmiz üçün əsla qəbul olunmayan, milli maraqları təmin etməyən səviyyədə danışıqlar gedirdi. "Azəri", "Çıraq" yataqları, "Günəşli"nin dərinlikdə yerləşən hissəsi haqqında müqavilə bağlamaq niyyətində idilər. Hətta "Şahdəniz" qaz layihəsi ilə bağlı eksklüziv danışıqlar aparılması üçün BP şirkətinə səlahiyyət verilmişdi. Bunun da müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus almışdılar. İclasda mən birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adından bəyan etdim ki, bu günə kimi olan danışıqlar bütünlüklə kəsilir! Təxminən bir-iki ay danışıqların nəticələrini təhlil etdikdən sonra yeni konsepsiya hazırlayıb danışıqlara gedəcəyik. Beləliklə də qeyd olunan müddətdə Azərbaycanın maraqlarının tam şəkildə ifadə olunduğu bir konsepsiya hazırlanaraq ulu öndər Heydər Əliyevə təqdim olundu. Həmin konsepsiyada xarici şirkətlərlə hansı prinsiplər əsasında işləməyin mümkünlüyü öz əksini tapdı. Bunun da əsasında 1994-cü il fevralın 4-də qeyd olunan məsələ ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən sərəncam imzalandı".
Qeyd olunan sərəncamda ARDNŞ-nin prezidentinə bu danışıqların yenidən başlanması və nəticələri haqqında dövlət başçısına məlumat verilməsi tapşırılıb. Elə həmin il aprelin 28-də ARDNŞ-nin vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev xarici şirkətlərlə əməkdaşlığa rəhbərlik etməyə başlayıb.
"Beləliklə də aparılan gərgin işlərin nəticəsi olaraq qısa müddət ərzində - sentyabrın 12-də Hyuston şəhərində bütün prosedur məsələləri həll etdikdən sonra ulu öndər Heydər Əliyevə kontraktın tam şəkildə hazır olması ilə bağlı məruzə etdim və ulu öndər Heydər Əliyev sentyabrın 20-də kontraktın imzalanması ilə bağlı qərar verdi. Beləliklə də müqavilə imzalandı", - deyə nazir qeyd edib.