Putinin ətrafı iki cəbhəyə bölündü
Rusiya ən qorxunc silahının sınağına başladı

Qərbin sanksiyaları Putinin ətrafını iki qrupa bölüb. Bu iddia ilə "Blomberq" agentliyi çıxış edib.
Agentlik qruplaşmanın hər ikisinin Rusiyanın resursları uğrunda mübarizə apardığını bildirib: "Qərbin sanksiyaları Rusiya hakimiyyətini iki cəbhəyə bölüb. Birinci cəbhədə Rusiyanın sanksiyalarla təcrid edilməsindən qorxan qrupa Dmitri Medvedev rəhbərlik edir. Bura isə özəl şirkətlərin üzvləri aiddir. İkinci qrup isə dövlət təsirinin gücləndirilməsinin tərəfdarıdır. Buraya isə "Rosneft"in sədri İqor Seçin başçılıq edir. Onun əsas müdafiəçiləri sırasına dövlət kompaniyaları və güc strukturları aiddir. Tərəflər arasında mübarizə gündən-günə şiddətlənir. Məhz "Başneft" rəhbəri Yevtuşenkonun həbsi də bu müharibənin təzahürüdür. Bu isə çox güman ki, İqor Seçin tərəfindən atılmış addımdır. Yevtuşenkonun həbsi müharibənin hələ başlanğıcıdır".
Onu da deyək ki, Vladimir Putinin ötən çərşənbə axşamı 62 yaşı tamam olub. Bu münasibətlə onu Herakl qiyafəsində təsvir edən rəsmlərin sərgisi Moskvada açılıb. BBC Azərbaycan-ın verdiyi məlumata görə, nümayiş olunan rəsm əsərlərində Putin yunan mifologiyasının qəhrəmanı Herakla bənzədilib.
Yunan mifologiyasına görə, Zevsin oğlu Herakl və yaxud Herkules 12 qəhrəmanlıq edibmiş. Lakin şiri boğmaq və ya əjdahaya qalib gəlmək sərgidəki rəsmlərdə təsvir edilmiş Putinin qəhrəmanlıqları ilə müqayisədə yalnız parkda gəzinti sayıla bilər. Hər halda Putinin ad günündə açılmış bu qeyri-adi sərgidə tamaşaçıda belə bir təssəvvür yaranır.
Çeçenistanın paytaxtı Qroznıda isə 100 mindən çox insan Rusiya prezidenti Vladimir Putinin ad gününə həsr edilmiş təntənəli yürüşdə iştirak edib. Yürüşdə insanlardan ibarət canlı dövlət bayrağının yaradılması üzrə dünya rekordu təyin edilib.
Bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məlumat verib. "Rusiyanın və Çeçenistan Respublikasının bayraqlarının uzunluğu 2000 metri ötdü. Bu aksiyada 100 mindən çox cavan oğlan və qızı iştirak edib. Onlar Rusiya prezidenti Vladimir Putinə dəstəyini ifadə etdilər və ad gününü təbrik etdilər", - deyə Kadırov sosial şəbəkədə status paylaşıb.
Təntənəli yürüşün iştirakçıları Putinin və Kadırovun portretləriylə müxtəlif rəngli futbolkalar geyinib. "Mən sevinclə qeyd etmək istəyirəm ki, bu xalqın birliyinin rekordudur", - deyə Kadırov vurğulayıb.
Təntənəli yürüşə əlində Rusiya Federasiyası prezidentinin portretini aparan Ramzan Kadırov özü başçılıq edib. Onun yanında digər hökumət rəhbərləri və başqa rəsmi şəxslər olub. Şəhər meriyasının qarşısında daha sonra çeçen estradasının konserti olub.
Bu arada məlum olub ki, Rusiya Xüsusi Təyinatlı Raket Qoşunları Povoljye vilayətində "Topol" raket komplekslərinin də yer aldığı hərbi təlimlərə başlayıb. axar.az xəbər verir ki, bu barədə raket qoşunlarının polkovniki İqor Yeqorov məlumat verib.
"Rusiya Xüsusi Təyinatlı Raket Qoşunlarında Yoşkar-Oladakı raket diviziyası ilə birlikdə komanda-qərargah təlimlərinə başlanılıb. Təlimlər oktyabrın 11-nə qədər davam edəcək", - Yeqorov bildirib.
Raketçilərə şərti döyüş əməliyyatlarını yerinə yetirmək tapşırılıb.
Ümumilikdə isə təlimlərə 2000-ə yaxın hərbçi və 200-dən çox texnika cəlb olunub.
"RT-2PM "Topol" (NATO klassifikasiyasına görə - SS-25 Sickle) sovet-rus strateji təyinatlı qitələrarası raketi Rusiyanın ən uğurlu və qorxunc raketlərindən sayılır.
Kənan Rzaquliyev