Şok! Oliqarx-məmurların  1 milyard manat pulu batır

Şok! Oliqarx-məmurların
1 milyard manat pulu batır

Problemli kreditlər "bank biznesi"ndə payı olan bəzi vəzifəli şəxsləri çətin vəziyyətdə qoyur
Azərbaycanda problemli kreditlərin həcmi kritik həddi keçib. Mərkəzi Bank bu istiqamətdə müəyyən addımlar atsa da kredit sahəsində ciddi problemlər mövcuddur. Belə ki, banklar vətəndaşlara verdiyi kreditləri əksər hallarda geri ala bilmir, bu problem böyüyərək məhkəmə çəkişmələrinə kimi gəlib çatır.
İqtisadçı ekspert Vüqar Bayramov bununla bağlı bildirib ki, hazırda Azərbaycanda geri qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manat təşkil edir: "Bu ilin əvvəlindən istehlak kreditlərinin verilməsi şərtlərinin ağırlaşdırılması ilə bağlı qaydaların tətbiq edilməsinə baxmayaraq, problemli kreditlər azalmır. Ölkənin ümumi kredit portfelində payı 6 faizdən, bütövlükdə banklar üzrə kredit portfelindəki payı isə 4 faizdən çoxdur. Bunu beynəlxalq göstəricilərlə müqayisə etsək təbii ki, problemli kreditlərin həcmi kifayət qədər yüksək hesab olunur. Bizim apardığımız tədqiqatlar göstərir ki, problemli kreditlərin həcminin artmasında bankların məsuliyyəti heç də az deyil. Belə ki, banklar müraciət edən şəxsin ödəmə qabiliyyətini yoxlamadan vətəndaşlara kreditlərin verilməsini həyata keçiriblər. Bu baxımdan həmin kreditlərin bir qismi geri qayıtmayıb. Elə şəxslər var ki, üç bankdan yüksək məbləğdə kredit götürüb. Bir banka olan borcunu ödəmək üçün digər bankdan kredit götürülməsi, problemli kreditlərin həcminin artmasına gətirib çıxarıb".
Ekspert qeyd edib ki, Mərkəzi Bank kreditlərin verilməsi ilə bağlı sistemi elektronlaşdırıb: "Hər bir kommersiya bankı həmin sistemə daxil olaraq, orada olan məlumat əsasında kredit vermək barədə qərar qəbul edir. Təəssüf ki, kommersiya banklarında bu prinsiplər gözlənilmədiyi üçün kreditin qaytarılması ilə bağlı çətinlik və problem yaranıb. Hətta bəzi banklar tərəfindən ödəmə qabiliyyəti olmayan vətəndaşlara belə kredit verilib".
Ekspert bildirib ki, problemli kreditlərin yaranmasının digər səbəbi kredit faizlərinin yüksək olmasıdır: "Vətəndaş kredit götürür, amma faizlər yüksək olduğu üçün həmin krediti müəyyən müddətdən sonra geri qaytarmaq mümkün olmur. Bu baxımdan faizlərin yüksək olması heç də kommersiya banklarının gəlir imkanlarını artırmır, əksinə problem həcminin artmasına gətirib çıxarır. Banklarla yanaşı, vətəndaşlarında problemli kreditlərin böyüməsində rolu var. Belə ki, bəzi vətəndaşlar öz ödəmə qabiliyyətini yoxlamadan kredit alırlar. Bizim monitorinqlərin nəticəsi göstərir ki, bəzi vətəndaşlar krediti sadəcə toy etmək və qonşu ölkədə dincəlmək üçün götürüblər. Bu tip vacib olmayan istiqamətlər üzrə kreditlərin götürülməsi, vətəndaşın öz gəlirlərini düzgün qiymətləndirməməsi, sonradan krediti geri qaytara bilməməsinə gətirib çıxarır".
İqtisadçı qeyd edib ki, problemin aradan qaldırılması üçün istehlak kreditlərinin həcmini genişləndirmək lazımdır: "Mərkəzi Bankın istehlak kreditləri üzrə ehtiyyat normasına yenidən baxması və ehtiyyat norması ilə bağlı şərtlərin daha da ağırlaşdırılması daha məqsədə uyğundur. Bankların faiz dərəcələrini azaltması və çox sayda istehlak kreditlərinin verilməsi olduqca vacibdi. Digər tərəfdən kommersiya bankları üçün kredit verilən zaman vətəndaşın minimum gəliri müəyyənləşməlidir. Ailə tərkibi ilə bağlı məlumatların əldə edilməsi hər bir ailə üzvünə uyğun olaraq xərcin müəyyənləşdirilməsi və buna uyğun olaraq kreditin verilməsi ilə bağlı qərarın müəyyənləşdirilməsinə ehtiyac var".
Göründüyü kimi, problemli kreditlər məsələsi artıq kifayət qədər ciddi məsələyə çevrilib. Bu cür kreditlərin ümumi məbləğinin 1 milyard manat təşkil etməsi isə təbii ki, fantastik göstəricidir. Həmin məbləğin batma ehtimalı isə kifayət qədər yüksəkdir.
Bunu həm də məmur-oliqarxların külli miqdarda pulunun batması kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, Azərbaycanda əksər bankların arxasında bəzi oliqarxlar dayanırlar. Məsələn, "Bank of Azərbaycan", Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun "Bank Respublika"sı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin "Xalq Bank", AZAL prezidenti "Silk Way Bank"ı öz nəzarətində saxladığı heç kimə sirr deyil.
Ona görə də batma təhlükəsi ilə üzləşən həmin bu 1 milyard manatda müəyyən məmurların da payının olduğunu təxmin etmək çətin deyil.
Günel Əkbər