Rəsul Quliyevin yeni xəyanət planı
Rəsul Quliyevin yeni xəyanət planı

Eks-spiker yenə başqasının maşası kimi ölkəni qarışdırmaq üçün uyğun zaman gözləyir

Açıq Cəmiyyət Partiyasını buraxdıqdan sonra liderlik kürsüsünü də tərk edən eks-spiker Rəsul Quliyev yenidən aktivləşmək qərarına gəlib. Bir müddət öncə səhhəti ilə əlaqədar kölgəyə çəkilən Rəsul Quliyev yeni planlar üzərində işləyir.

"Unikal"ın əldə etdiyi məlumata görə, Rəsul Quliyev artıq müəyyən dairələrlə anlaşıb və 2015-ci il parlament seçkiləri üçün aktivliyə başlayacaq. Bu barədə bizi bilgiləndirən məlumatlı şəxs deyib ki, Rəsul Quliyev ABŞ-dakı müəyyən dairələrin razılığı ilə bu işə qoşulub: "Bunun üçün Rəsul Quliyev öncə Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarını gözdən salmağa başlayıb. Qeyd edək ki, Milli Şura 12 oktyabr tarixində "Məhsul" stadionunda mitinq keçirib, amma Rəsul Quliyev bu mitinqin əleyhinə açıqlamalar verərək, onları daha da gözdən salmağa çalışıb. O demişdi ki, Müsavat Partiyasının liderlərinin Milli Şuranın mitinqinin rəyasət heyətinə dəvət olunmaması normaldır". Sabiq spiker Rəsul Quliyev Milli Şuranın mitinqinə münasibət bildirərkən fikrini belə əsaslandırıb: "Birincisi, bu partiya MŞ-nın üzvlüyündən çıxıb, ikincisi, mitinqin keçirilməsinin təşkil olunmasında iştirak etməyiblər. Əksinə, onları dəvət etsəydilər, düzgün olmazdı. Müsavat Partiyasının liderlərinin məqsədi mitinqdə iştirak etmək deyildi. Sadəcə olaraq, seçilmiş yeni başqanı leqitimləşdirmək idi. Yəni yeni başqan rəyasət heyətində olsa idi, bu gün artıq onun MŞ tərəfindən qəbul olunduğunu elan edəcəkdi. MŞ-nın belə bir addımı reformist müsavatçıların əleyhinə olardı. Ona görə də MŞ üzvlərinin onları görməməzliyə vurması düzgün addımdır".
Xatırladaq ki, bundan öncə də Rəsul Quliyev Müsavat Partiyasına qarşı kəskin fikirlər səsləndirmişdi. Eks-spiker bildirmişdi ki, Müsavat partiyası yarandığından bu günə qədər çoxsaylı ağır və ya yüngül nəticələrlə qurtaran səhvlərə yol verib: "Bu gün Musavatın buraxdığı səhv indiyə qədər buraxılmış heç bir səhvlə müqayisə olunmazdır. Mənim baş vermiş hadisəyə münasibətim partiyanın ailə podratının yeni sədrindən xoşum gəlmir, ona görə də düşüncələrimi qərəzli fikirlər konteksində camaata sırımağa çalışır. Ancaq bu, sözsüz belə deyildir. Musavatın bu günkü vəziyyətə düşməsinin səbəblərinə gəlincə, ölkədə 2003-cü il prezident seçkisindən sonra istefa verməyən köhnə başqana münasibət dəyişdi və bu münasibət 2010-cu ildən etibarən neqativ istiqamətdə inkişaf etdi. Bir sözlə artıq musavatçılar apardıqları mübarizənin köhnə başqanla nəticə verəcəyinə inanmırdılar və yenilik, daha doğrusu, yeni başqan görmək istəyirdilər. Nəticədə köhnə başqanın deformasiya olunmuş gölgəsini aldılar. Cırtdan siyasətçilərlə ölkədə demokratiyanın qələbəsinə nail olmaq mümkün deyil. Musavatın son seçimi bu tezisin mütləq mənada düzgün olduğunu bir daha təsdiqləyir".
Bu açıqlamalardan da görünür ki, Rəsul Quliyev "Hamı pisdir, bircə mən yaxşıyam" prinsipi ilə gözdənsalma kampaniyası aparır. Bu da onun yaxın günlərdə yeni bir layihə ilə gündəmə gələcəyindən xəbər verir. Yəni, eks-spiker həm təmsil olunduğu düşərgəyə, həm də milli maraqlarımıza xəyanət etməyə hazırlaşır. Bir sözlə, Rəsul Quliyev yenə başqasının maşası kimi ölkəni qarışdırmaq üçün uyğun zaman gözləyir.
Qərib Gərayzadə