Bəzi məmurların milyonlar qazanmaq üçün yeni fəndi
Bəzi məmurların milyonlar qazanmaq üçün yeni fəndi

Siqaretin bahalaşacağı barədə məlumatlar nəyə hesablanıb?

Bir neçə gündür mətbuatda siqaretin qiymətinin bahalaşacağı barədə məlumatlar dərc olunur. Orqanizm üçün zərərli olan tütün məmulatlarının qiymətindəki gözlənilən artımla bağlı anons əslində ictimai rəyi yaxın vaxtlarda baş verəcək bahalaşmaya hazırlamaq məqsədi də güdə bilər.

Bəs siqaretin qiyməti niyə bahalaşır? Kimlər bundan istifadə edib milyonlar qazanmağı hədəfləyir? Bu barədə bir qədər sonra.
Hələliksə onu deyək ki, "European Tobacco Baku" ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri Rüfət Quliyev də Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağını təsdiqləyib. Onun sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin artması tendensiyasi müşahidə olunur.
Hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, halbuki "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatının 80-85 faizini qarşılamağa imkan verir.
Siqaretin qiymətinin artması da xammalın bahalaşması ilə əlaqədar ola bilər. Avropada tütün əkmək qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır. Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır.
Ümumiyyətlə, son illər ölkəmizdə siqaretin qiymətində artım müşahidə olunur. Bu artım bir ildə bir neçə dəfə qeydə alınıb. Belə ki, müxtəlif adlı siqaretlərin qiyməti il ərzində 10, 20, 30 qəpik qalxıb. Qonşu ölkələrlə müqayisədə ölkədə satılan siqaretin qiymətini baha hesab etmək olmaz. Avropa ölkələrində isə tütün məhsulları daha baha qiymətə satılır. Siqaretin qiymətindəki bahalaşmanı insanları bu pis vərdişdən çəkindirmək üçün atılan addım hesab edənlər daha çoxdu.
Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Bu suala cavab verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyib ki, "Azərbaycanda siqaretin qiymətinin qalxması gözləniləndi". Onun sözlərinə görə, ölkədə siqaretin bahalaşması bir neçə səbəbdən ola bilər: "Bunlardan birincisi dünya bazarında tütünün qiymətinin qalxması, digəri dünyada və Azərbaycanda aksiz vergilərinin artması və Azərbaycan bazarında bu sahə ilə məşğul olan şəxslərin sövdələşməsidir.
Bir sözlə, bu bazarın monopoliyada olması qiymət artımının əsas səbəblərindəndir. Qiymətlərin qalxması siqaret çəkən insanların cibinə mənfi təsir göstərəcək. Hazırki qiymətləri qonşu ölkələrlə müqayisə etsək Azərbaycan istehlakçıları üçün normal hesab etmək olar".
Ekspert qeyd edib ki, son 3 il ərzində bütün dünyada siqaretin qiymətlərində ucuzlaşma müşahidə edilib: "Lakin Azərbaycanda qiymətlər düşmədi. Dünya bazarında hər hansı bir məhsulun qiyməti qalxanda bizim ölkədə də qalxır. Amma sonradan qiymətlər enəndə, bizdə endirim olmur. Bu o deməkdir ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunan bazar deyil. Bütün seqmentlər inhisarçıların əlindədir. Bu işdən narahat olan ölkə prezidenti dəfələrlə ölkədə şişirdilmiş qiymətlərə qarşı mübarizə aparmaq üçün dövlət orqanlarına tapşırıqlar verib".
Qeyd edək ki, siqaret satışı Azərbaycanda ən çox gəlir gətirən sahə hesab olunur. Qiymət artımı bu sahədə rəhbərlik edən iş adamları üçün milyonlarla qazanc deməkdir. Bu baxımdan siqaretin qiymətinin qalxması cibimizə ziyan vursa da bəzi monopolistlərin xeyrinə işləyəcək.
Əslində heç kimə sirr deyil ki, siqaret bazarında da müəyyən məmur maraqları həlledici rol oynayır. Elə bu səbəbdən nə siqaretin qiymətində dünya bazarları ilə müqayisədə ucuzlaşma baş verir, nə bir müddətdir gündəmdə olan qapalı məkanlarda siqaret çəkilməsini yasaqlayan qanun qəbul edilir.
Çünki "siqaret bazarı"nda payı olan bəzi məmurlar və onların himayə etdiyi iş adamları əllərindəki bütün təsir imkanlarını işə salaraq vəziyyəti özlərinə sərf edən formada saxlayırlar. Əvəzində zərbə vətəndaşların cibinə və sağlamlığına dəyir, milyonlarla manat isə oliqarx ciblərinə gedir.
Orxan Həsənli