Fuad Muradov:
"Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır. Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir". Modern.az xəbər verir ki, bu haqda millət vəkili Fuad Muradov özünün rəsmi feysbuk səhifəsində yazıb.
"Bu gün Simferopol-Yerevan təyyarə reysinin açılması barədə xəbəri oxudum. Krımın "nəqliyyat naziri" Simferopol-Yerevan reysinin açılmasını təsdiq edib. Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyalarının Ermənistana da tətbiq olunmasını zəruri edir".
Millət vəkili onu da qeyd edib ki, Ukraynanın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna 2014-cü ilin mart ayından "Simferopol" hava limanının bağlandığını rəsmən bəyan edib.