Nazirlə icra başçısının gəlirlərinə təhlükə
Nazirlə icra başçısının gəlirlərinə təhlükə

Hansı məmurların "qızıl biznesi" çökə bilər?

Son iki həftə ərzində Bakının qızıl mağazalarında satışlar kəskin azalıb. Bu barədə qızıl satışı ilə məşğul olan mağazalardan bildirilib.
Bildirildiyinə görə, bu dövrdə qızılın satışı 60 %-ə yaxın aşağı üşüb. Satıcılar bunu məhərrəmlik ayının başlaması və toy mərasimlərinin dayandırılması ilə izah edirlər. Onların sözlərinə görə, nəticədə qızıl satışı 60-70% azalıb: "əvvəl bir ay ərzində 10 min manatlıq zinət əşyaları satmaq olurdusa, indi bu rəqəm cəmi 3-4 min manatdır". Satışın azalması bahalı və ya ucuz modellərdən aslı olmayaraq bütün zinət əşyalarında eynidir.
Qeyd edək ki, ölkədə qızıl və daş-qaşa tələbatın aşağı düşməsi ilin əvvəlindən müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2014-cü ildə ölkəyə gətirilən zinət əşyaları (mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr) azalıb. Belə ki, ötən ilin ilk 9 ayında Azərbaycana 672,1 milyon dollarlıq zinət əşyaları gətirildiyi halda, bu il həmin göstərici 2 dəfədən də çox azalaraq 292,4 milyon dollara enib.
Onu da deyək ki, ölkədəki "qızıl biznesi"ndə müəyyən məmurların da payının olması sirr deyil. İndiyədək KİV-in dəfələrlə yazmasına rəğmən nə təsdiq nə də təkzib edilməyən məlumatlardan belə görünür ki, Azərbaycanın qızıl bazarında xüsusi çəkisi olan məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl "polka"ları var.
Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur.
Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin - "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.
Qeyd edək ki, Azərbaycana gətirilən, istər keyfiyyət və istərsə də qiymət sarıdan dünyada xüsusi yeri olan İtaliya qızıllarının satışında əsas pay sahibi kimi məhz gənclər və idman nazirinin adı çəkilir.
Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur.
Sənan Mirzə