Azərbaycanda orfoqrafiya məsələsi

"Azərbaycan dilinin orfoqrafiya lüğəti": altıncı nəşrdəki yeniliklər...

(əvvəli dünənki sayımızda)

Lüğətdə bəzi şəxs adları da verilir. Bu da indiyə qədərki orfoqrafiya lüğətlərinin tarixində ilk işlərdən biridir. Həm də təqdirəlayiq bir işdir. Lüğətdə Azərbaycanda işlənən480-dən çox bəzi şəxs adları, 190-dan çox dünyada daha çox işlənən şəxs adları verilmişdir.
İlk təcrübə kimi şəxs adlarının orfoqrafiya lüğətində verilməsi, inanırıq ki, oxucuların, mütəxəssislərin ürəyincə olacaqdır. Ancaq yenə də arzu edərdik ki, gələcəkdə lüğətin təkmilləşmiş nəşrində həm Azərbaycanda, həm də dünyada işlənən şəxs adlarının əksəriyyəti orfoqrafiya lüğətində öz əksini tapaydı. Arzular həmişə gələcək üçün ölçülüb - biçilir. Biz də lüğətdəki dəyərli yenilikləri görməklə gələcək üçün də ölçülüb - biçiləcək arzularımızı qeyd edirik.
2013-cü ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə ilk dəfə olaraq respublikamızdakı idarə və təşkilat adları da verilir. Açığı qeyd edək ki, bu idarə və təşkilat adlarının bir qisminin orfoqrafiyası ictimaiyyətin hər bir üzvü üçün gərəklidir. Ona görə gərəklidir ki, idarə və təşkilat adlarının bir qismi həyat tərzi ilə bağlı olaraq yeni yaranmış adlardır. Onların orfoqrafiyası hələ insanların düşüncəsində kök sala bilməmişdir. Odur ki, bu qəbildən olan idarə və təşkilat adlarının lüğətdə verilməsi onların orfoqrafiya qaydalarının nizamlanması işinə kömək göstərəcəkdir. Yeri gəlmişkən qeyd edək ki, lüğətdə 168 Azərbaycan Respublikasındakı idarə və təşkilat adları verilmişdir. Onların yeni olanları təkcə onların orfoqrafiyasını nizamlamır, həm də idarə, təşkilat adları barədə orfoqrafiya lüğətindən istifadə edəcək hər bir kəsi maarifləndirir. Məsələn, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti, Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparatı, Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentlik, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikası Məhkəmə - Hüquq Şurası, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, Dövlət Bayrağı Muzeyi və s. kimi idarə, təşkilat adlarının lüğətdə verilməsi hər bir kəsi məlumatlandırır və maarifləndirir.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (altıncı nəşr) 2004-cü ildə çap olunmuş lüğətdən fərqli olaraq ilk dəfə beynəlxalq təşkilatların adları da verilmişdir. 55 beynəlxalq təşkilatın adı lüğətə daxil edilmişdir. Əlbəttə, oxucular bu təşkilatların orfoqrafiyası ilə yanaşı, onların mahiyyəti, məşğul olduqları sahələr, vəzifə və funksiyaları barədə də bilgilərini genişləndirə biləcəklər. Dünya qloballaşır, bu prosesdə yeni olan cəhətlərdən biri də beynəlxalq təşkilatlar və onların xidmət sahələri, funksiyalarıdır. Bu mənada müasir olan hər bir insan beynəlxalq təşkilatların adlarını bilməli və onların fəaliyyət sahələri, dairələri ilə maraqlanmalıdır. Odur ki, beynəlxalq təşkilatların böyük əksəriyyəti, demək olar ki, hamısı lüğətdə verilmişdir. Təbii ki, bu da lüğətin dəyərini artıran, onu hər bir oxucu üçün gərəkli edən cəhətlərdən biridir. Oxucu beynəlxalq təşkilat adlarını orfoqrafiya lüğətində oxumaqla beynəlxalq informasiya məkanının reallıqları ilə tanış olur. Eyni zamanda beynəlxalq təşkilatların hansı sahələr üzrə fəaliyyət göstərdiyini öyrənir. Məsələn, Amerika - Azərbaycan Ticarət Palatası, Amerika - Avrasiya Sənaye Ticarət Palatası, Amerika Birləşmiş ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Amerika Beynəlxalq Təhsil Şurası, Asiya - Sakit Okean İqtisadi Əməkdaşlığı, Müstəqil Dövlətlər Birliyi (MDB), Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu və s.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (altıncı nəşr) dünya ölkələrinin pul vahidləri də veilir. Bu da əvvəlki nəşrdə olmayan ilk təşəbbüsdür. Lüğətdə 54 ölkənin pul vahidi, onun beynəlxalq kodu və şərti işarəsi verilir. Bu da oxucunu pul vahidlərinin orfoqrafiyası ilə maarifləndirməkdən əlavə, həm də hansı ölkədə hansı pul vahididindən istifadə olunması barədə məlumat verir. Məsələn, Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İspaniya, İtaliya, Kipr, Latviya, Malta, Lüksemburq, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan Avrodan, Avstraliya, Kanada, Sinqapur Dollardan, İraq, Serbiya Dinardan, Azərbaycan, Türkmənistan Manatdan, Çexiya, İslandiya, İsveç, Norveç Krondan və eləcə də digər ölkələr başqa - başqa pul vahidlərindən istifadə edir. Gələcəkdə təkmilləşmiş orfoqrafiya lüğətləri çap edildikdə bu ilk təcrübədən istifadə edərək dünyanın bütün dövlətlərinin pul vahidlərini vermək bir növ dünyanı tanımaq, öyrənmək baxımından oxuculara fayda verəcəkdir.
Lüğətdə orfoqrafiya qaydalarının verilməsi də oxucuda bir sıra qaydaların yaranması vərdişinə köməklik göstərmək baxımından qiymətlidir. Saitlərin yazılışı, samitlərin yazılışı, sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı, şəkilçilərin yazılışı, rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı, mürəkkəb sözlərin yazılışı, köməkçi sözlərin yazılışı, birinci hərfi böyük yazılan sözlər, ixtisarların (abreviaturaların) yazılışı, sözün sətirdən - sətrə keçirilməsi qaydaları - bütün bunların hamısı "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (altıncı nəşr) müsbət xüsusiyyətləri kimi diqqəti cəlb edir.
Lüğətdə sözlərin ədəbi tələffüz qaydalarına uyğun yazılması prinsipi əsas götürülmüş və 2004-cü ildə çap olunmuş lüğətdə fel kimi yazılan sözün feil kimi yazılması məqsədəuyğun sayılmışdır. Doğrudan da, şeir, sətir, nəsil, eyib, qədir, qəbir və s. sözlər iki heca ilə yazıldığı halda, fel sözünün bir heca ilə yazılmağı düzgün deyildir. "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (altıncı nəşr) zamanın tələbinə və oxucuların tələbatına, mütəxəssislərin istəyinə cavab vermək baxımından qiymətli bir kitabdır. Arzu edərdik ki, bu kitab bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, evlərdə olsun və stolüstü kitab kimi istifadə edilsin.

Buludxan Xəlilov
filologiya üzrə
elmlər doktoru, professor