Şəki su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verildi

Dünən Şəki su elektrik stansiyasının ikinci qurğusunun açılış mərasimi keçirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qurğunun quraşdırılması Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) "Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı" adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Layihə Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilib.
Tədbirdə AREA-nın sədri Akim Bədəlov, Avropa İttifaqının Azərbaycandakı Missiyasının rəhbəri Malena Mard, BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Antonius Bruk və Norveçin Azərbaycadakı səfirliyinin birinci katibi Marko Soldiç layihənin əsas tərəfdaşları qismində iştirak ediblər.
A. Bədəlov layihə tərəfdaşlarına etdikləri töhfələrə görə təşəkkür edib və Azərbaycan Hökuməti və AREA-nın ölkədə alternativ enerji mənbələrini inkişaf etdirmək istəyini vurğulayıb.
A. Bruk qurğunun hazırlanıb uğurla təhvil verilməsi işindən razı qaldığını və bu layihənin çoxtərəfli tərəfdaşlığa bariz nümunə olduğunu bildirib.
Çinin "Hunan Allonvard" şirkəti tərəfindən təchiz olunması və qurğulara qısa və uzun-müddətli zəmanətin verilməsi haqqında məlumat verilib. Layihə çərçivəsində stansiyanın yerli heyətinə şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Yerli icra orqanları layihənin uğurla həyata keçirilməsi üçün şərait yaradıb və kömək edib. Quraşdırılmış qurğunun gücü 580 kilovata bərabərdir.
Azərbaycan Hökuməti, ölkənin mineral sərvətlərlə zəngin olmasına baxmayaraq, təbiətə təzyiqin azaldılması fəaliyyəti üzrə qlobal çağırışa əməl və alternativ enerji mənbələrinin inkişafını dəstəklədiyini bir daha bu yolla nümayiş etdirmiş olur. "Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı" layihəsinin əsas məqsədi Xəzər dənizi sahili boyunca külək enerjisindən istifadəni, quşçuluq və mal-qara sənayelərindən bioqaz istehsalı, eləcə də günəş enerjisinin cari istehsalı işinin artırılması və inkişaf etdirilməsi də daxil olmaqla, alternativ enerji mənbələrinin inkişaf etdirilməsidir. Şəkinin enerji təchizatının yaxşılaşdırması ilə yanaşı, bu qurğu vasitəsi ilə daha kiçik, ekoloji təmiz elektrik enerji istehsalı işini nəzərdən keçirmək və bunun əsasında, ölkənin digər kiçik çay və sularında layihənin tətbiqini qiymətləndirmək mümkün olacaq.
İstifadəyə verilmiş bu pilot su elektrik qurğusu Azərbaycanın digər bölgələrində oxşar stansiyaların tikilməsində AREA üçün yaxşı təcrübə olacaq.