Samir Şərifov daha bir sığorta şirkətini "vurdu"
Samir Şərifov daha bir sığorta şirkətini "vurdu"

Oliqarxlar sığorta bazarını "gücsüz" rəqiblərindən təmizləyirlər?!

Azərbaycan "Era Trans Sığorta" Sığorta Şirkəti ASC-nin lisenziyası dayandırılıb.
Belə ki, Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadla verdiyi məlumata görə, lisenziyanın dayandırılması məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması, həmçinin fəaliyyətində yol verdiyi digər pozuntularla əlaqədardır.
"Era Trans Sığorta" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 25 noyabr 2014-cü il tarixdən dayandırılıb.
Qeyd olunan pozuntuların aradan qaldırılması üçün 6 ay müddət müəyyən olunub.
Araşdırmalarımıza görə, "Era Trans Sığorta" ASC 1994-cü ildə Azərbaycan sığorta bazarında "Era Trans Polis" sığorta kompaniyası kimi sığorta fəaliyyətinə başlamış, daha sonra təşkilati-hüquqi formasını dəyişərək 2005-ci ildən etibarən "Era Trans Sığorta Şirkəti" məhdud məsuliyyətli cəmiyyət, 2009-cu ilin yanvar ayından etibarən isə "Era Trans Sığorta" ASC olaraq fəaliyyətini davam etdirib.
Şirkət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 1 iyun 2009-cu il tarixində müddətsiz verilmiş sığorta xidmətinin göstərilməsi üçün 170 nömrəli xüsusi razılıq (lisenziya) əsasında sığorta fəaliyyətini həyata keçirirdi.
"Unikal"ın araşdırması zamanı o da ortaya çıxıb ki, cəmiyyətin rəhbərliyi və işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik peşəkar komandadan təşkil olunmuşdur. Bu ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə şərait yaradıb.
ASC bir çox regionlarda filiallar və nümayəndəliklərlə təmsil olunub. O həmçinin maliyyə sabitliyini təmin etmək məqsədi ilə yerli və xarici sığorta, təkrarsığorta və broker şirkətləri ilə yaxından əməkdaşlıq edir. Cəmiyyət sığorta müqavilələri üzrə qəbul etdiyi riskləri Avropa və dünya təkrarsığorta bazarında operativ yerləşdirmək imkanına malikdir.
Cəmiyyət 26-sı könüllü və 5-i icbari olmaqla, 31 sığorta növü üzrə fəaliyyət göstərir. Şirkət fiziki və hüquqi şəxslərə nəqliyyat vasitələrinin sığortası, əmlakın yanğından və digər risklərdən sığortası, yüklərin sığortası, fərdi qəza (bədbəxt hadisələrdən) sığortası, sağlamlıq sığortası (tibbi sığorta) və s. bu kimi sığorta növləri üzrə öz xidmətlərini təklif edirdi.
Bu ASC-nin hansısa məmurla bağlılığına dair məlumat əldə etmək cəhdlərimiz baş tutmadı. Azərbaycanda əksər sığorta şirkətləri müəyyən oliqarxların nəzarətində fəaliyyət göstərdiyindən "Era Trans Sığorta"nın da belə bağlarının olması istisna edilmir.
Hər bir halda Samir Şərifovun nazirliyi adıçəkilən ASC-nin bağlanma səbəbləri kimi olduqca ciddi məqamları göstərib. Altı ay müddətində həmin məqamların aradan qaldırıb-qaldırılmayacağını zaman göstərəcək. Amma açıq demək lazımdır ki, bu, bir o qədər də asan görünmür.
Onu da deyək ki, son vaxtlar Şərifovun nazirliyinin ölkədəki sığorta şirkətlərinə qarşı "lisenziya savaşı" açdığı aydın hiss olunur. Belə ki, bu günlərdə "Başak-İnam" sığorta şirkəti də nazirlik tərəfindən analoji qaydada cəzalandırılmışdı.
Və sonda: maraqlıdır ki, "Era Trans Sığorta" ASC-nin İdarə Heyətinin sədri Elşən Babayev bu ilin yazında maraqlı açıqlama ilə çıxış etmişdi. O, bildirmişdi ki, rəhbərlik etdiyi ASC başqa sığorta şirkəti ilə birləşə və yaxud ümumiyyətlə satıla bilər. Babayevin sözlərinə görə, bu addım sığorta bazarında rəqabət imkanları zəiflədiyi üçün atıla bilər: "Bazarda rəqabət aparmaq çətinləşir, bizim maliyyə göstəricilərimiz və rəqabət aparmaq üçün imkanlarımız isə məhduddur. Ona görə də, hansısa sığorta şirkətindən bununla bağlı konkret təklif olsa, ona baxa bilərik".
Onun bu dediklərindən belə görünür ki, son vaxtlar bəzi sığorta şirkətlərinin sıradan çıxarılması heç də təsadüfi deyil. Bu, "sığorta bazarı"nda hegemona çevrilən oliqarx şirkətlərinin həmin bəzi kiçik rəqiblərini sıradan çıxararaq öz imkanlarını genişləndirmək istəyinin nəticəsi də ola bilər. Hansı ki, "Era Trans Sığorta" ASC-nin İdarə Heyətinin sədrinin altı ay əvvəl bir qədər üstüörtülü şəkildə dediklərindən məhz bu başa düşülür.
Görəsən, əgər doğrudan da belədirsə, sıradakı "qurbanlıq" sığorta şirkəti hansıdır?!
Günel Əkbər