Qərb Putindən niyə qorxur?
Qərb Putindən niyə qorxur?

Moskvanın son geosiyasi gedişlərini laqeydliklə müşahidə etməyə dəyməz

"Vladimir Putinin bacarıqlarını və uğurlarını olduğundan artıq dəyərləndirməyə, onu nail olmadığı qələbələrin müəllifi kimi təqdim etməyə heç bir ehtiyac yoxdur". Bu sözlər Fransanın ən məşhur siyasi analitiklərindən biri Dominik İnşospeyə məxsusdur. Həqiqətdir.
Tarixin bizə öyrətdiklərini xatırlayaq. Rusiyanı vaxtilə İvan Qroznı və Böyük Pyotr kimi çarlar idarə ediblər. Qərb mediasına inansaq, Rusiya indi "Böyük Vladimir"in nəzarətindədir. Belədirmi? Yox.
Rusiyanın dövlət başçısının brezent şalvardakı görüntüləri, ovda və ya balıq tutanda çəkdirdiyi fotolar Qərb mediasında yayılıb, yayıldıqca da avropalılarda və amerikalılarda "Putin qətiyyətli, sərt prezidentdir" fikri yaradıb.
Hətta bir ara müqayisələr də aparıldı: Parisdəki otellərdən birinin fitnes zalında əlində balaca qantellərlə "məşqfason" edən ABŞ prezidenti Barak Obamanın gizlicə çəkilmiş videosu ilə Pütinin cudo zalında, əynində kimono məşq edərkən, tatami üzərində güləşərkən çəkilmiş görüntüləri tutuşduruldu.
Qərb pərişan oldu. Halbuki yumoristik vəziyyətdir.
Amerikalılarla avropalılar, həqiqətən də, Rusiyadan çəkinirlər.
Vur-tut 70 min sakini olan Cənubi Osetiyanın, sonra Abxaziyanın ələ keçirilməsi, daha sonra Krım yarımadasının ilhaq edilməsi - Rusiya ərazilərini genişləndirdi. Krım ümumiyyətlə, qəliz məsələdir.
Sovetlər Birliyi dönəmində Nikita Xruşşovun Ukraynaya "hədiyyə" etdiyi Krım hələ 1992-ci ildə referendum keçirərək müstəqillik qazanmaq istəmişdi.
Ötən il Rusiyanın fərqlənmə nişanı olmayan hərbçilərini "yaşıl adamcıqlar" təki Krıma yollayaraq sonradan "onlar bizim vətəndaşlarımız deyil, Krımda hərbçilərimiz yoxdur" deməsinə də heç bir lüzum yoxdu. Amma oldu.
Daha sonra Ukraynanın növbəsi çatdı. Oyun mürəkkəb, stavkalar böyükdü: söhbət Moskvanın təsir dairəsindən çıxaraq Avropa Birliyinə meyllənən ölkənin "geri qaytarılma" cəhdlərindən gedirdi.
Moskvanın istəkləri bəlli, planları anlaşılandı. Fəqət, Ukrayna oyunu pozdu və Avropa Birliyi ilə anlaşma imzalayaraq birmənalı şəkildə Qərbə meylləndi.
Donetskdəki separatçılarına gəldikdə, bu məkanda Rusiya bataqlığa düşüb. Durum o qədər mürəkkəb və eyni zamanda, o qədər iyrəncdir ki, donbaslı separatçılar Rusiyanın beynəlxalq arenadakı mövqelərini zəhərləyən infeksiyaya çevriliblər.
Qərb indi Rusiyaya qarşı genişmiqyaslı sankisyalar tətbiq edir. Dünya bazarlarında neftin qiymətləri çox aşağı səviyyədədir, büdcə gəlirlərinin böyük qismi "qara qızıl" satışından əldə edilən gəlirlərə hesablanmış Rusiya itkilər verir, rubl ucuzlaşır və s. Əcəba, bütün bünlar Rusiyanın mövqelərini zəiflədirmi?
Ola bilər.
Vladimir Putinin passivində Ukrayna ilə münasibətlərin tam pisləşməsi, Qərblə əlaqələrin gərilməsi və faktiki olaraq yeni "soyuq müharibə"nin başlanması, Avropa Birliyi və ABŞ ilə təmaslarda mövqelərin zəifləməsi, maliyyə sanksiyaları nəticəsində ağır itkilər, ödkədən kapital axını, on milyardlarla dollarlıq zərərlər var.
Rusiyanın cavab embarqosuna gəldikdə isə, Avropa Birliyi ölkələri və başqa ölkələrdən idxal edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər qoymaqla Moskva ilk əvvəl öz vətəndaşlarını cəzalandırdı.
Rusiya indi Çinlə əlaqələri genişləndirir. Fəqət, Moskva dərk etməlidir ki, Çin yoxsul tərəfdaşlarla alver etmir və üstəlik, "Səmaaltı imperiya" yaxın gələcəkdə mütləq "Lebensraum" ideyasını gündəmə gətirəcək. Yəni Amurdan şərqdə olan torpaqlarda Çinin maraqlarının olduğunu söyləyəcək.
Rusiyadan qorxmaq gərəkdir? Avropa Birliyi və ABŞ indi bu suala cavab axtarır. Gerçəkdən də, Rusiyadan qorxmağa dəyərmi? Yox. Çünki sabiq Sovetlər Birliyi 1945-ci ildən sonra qatıldığı bütün müharibələrdə və silahlı münaqişələrdə uduzub. Rusların hərbi donanması sonuncu dəfə 1905-ci ildə iri dəniz döyüşündə iştirak edib.
İndisə Rusiyanın Hərbi-Dəniz Donanmasının vur-tut 46 min ton tutumlu aviadaşıyıcı gəmisi var ki, bu gəmi də 30 təyyarə daşıya bilir. Halbuki ABŞ 9-u nüvə mühərrikli 13 aviadaşıyıcı gəmiyə malikdir ki, onların hər biri 100 təyyarə daşıya bilər.
Üstəlik, amerikalıların 12 helikopter gəmisini də unutmayaq.
Rusiya ordusu yenidən silahlanır. Olsun. "Stockholm International Peace Research Institute"un son hesabatına görə, 2014-cü ildə Rusiyanın hərbi büdcəsi 87,7 milyard dollar, Fransanın büdcəsi 61,2 milyard dollar, Almaniyanın hərbi büdcəsi isə 48,8 milyard dollar olub.
Göründüyü kimi, fransızlarla almanların hərbi-müdafiə xərclərinin toplam həcmi Rusiyanın hərbi büdcəsindən də çoxdur. Əhali sayı da Rusiyanın xeyrinə deyil.
316 milyon nəfərlik əhaliyə malik ABŞ-ın 640 milyard dollarlıq hərbi büdcəsini xatırlasaq, onda Moskvanın durumunun ağır olduğu göz qabağına gəlir.
Nüvə başlıqlı raketlər olmasaydı, Rusiyanı kağız pələng hesab etmək mümkündü.
Belə durumda Rusiyanın "böyük imperiya"nı bərpa etmək cəhdləri o qədər də təhlükəli görünmür. Doğrudur, Moskvanın son geosiyasi gedişlərini laqeydliklə də müşahidə etməyə dəyməz.
Amma "Rusiya revanşist siyasət yürüdür", "Rusiya böyük imperiyanı bərpa etməyə çalışır" tipli təlaşların da məntiqi səbəbləri yox.
Elçin Alıoğlu