Heydər Əliyev irsi ölməzdir
Heydər Əliyev irsi ölməzdir

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Dahi rəhbərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir.
Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.
Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ilə yaxın dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və ona görə bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur.
Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meylləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Hazırda icrasına start verilmiş İnkişaf Konsepsiyası rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur. Elə dövlət başçısı İlham Əliyevin YAP-ın qurultayındakı proqram xarakterli çıxışı inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıda gözləyən yeni, daha əzəmətli uğurlara hamımızın inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsilə əlaqədar fikirləri onun bariz ifadəsidir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır.
"Unikal"