Azərbaycan Müəllimlər İnstitutunda "Müasir tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər" mövzusunda Respublika konfransı keçirilib

Dekabrın 19-da Azərbaycan Müəllimlər İnstitutunda 19-20 dekabr 2014-cü il tarixində "Müasir tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər" mövzusunda Respublika konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları və qonaqlar institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər, ulu öndərin büstü önünə əklil qoyulub.
Azərbaycan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru Razim Məmmədov konfransın plenar iclasını giriş sözü ilə açaraq, konfrans iştirakçılarını salamlayıb, konfransın mövzusunun aktuallığından, müasir tərbiyə sisteminin vəziyyətinə həsr olunmuş məruzələrin müzakirəsinin əhəmiyyətindən danışıb.
Razim Məmmədov bildirib ki, ölkəmizdə böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasət, genişmiqyaslı islahatlar və infrastruktur layihələri təhsil sisteminin müasirləşdirilməsi və davamlı inkişafı üçün münbit zəmin yaratmışdır. Təhsili millətin gələcəyi adlandıran, müəllim peşəsini dünyada ən şərəfli sənət sayan Ulu Öndər Heydər Əliyevin yaratdığı təməl üzərində modernləşən respublikamızda təhsil cəmiyyətin inkişafının prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" layihəsi böyük uğurla reallaşdırılır.
Ölkəmizin qarşısında mühüm strateji vəzifə kimi qoyulan müasirləşdirmə xətti, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına, o cümlədən təhsil sisteminə uğurlu tətbiqini tələb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd edilir ki, insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək vətəndaşa çevirir.
R.Məmmədov Azərbaycan Müəllimlər İnstitutunda son illərdə ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, innovativ təlim metodlarının, informasiya-kommunikasiya texnologiyala-rının tətbiqi sahəsində görülmüş işlərin əhəmiyyətindən danışıb. İnstitutun professor-müəllim heyətinin təlim-tərbiyə prosesinin elmi-metodik təminatının yaradılması, xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodikasının yaradılması, təhsil sahəsində beynəlxalq təcrübə və meyillərin öyrənilməsi, müəllim hazırlığının təkmilləşdirilməsi ilə bağlı fəaliyyətini də xüsusi qeyd edib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışında ali, orta ixtisas və ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin təşkili ilə bağlı qaldırılan problemlər konfransda diqqət mərkəzində saxlanılmalı, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılmalı, təkliflər verilməlidir.
Razim Məmmədov öz çıxışında diqqətə çatdırıb ki, müəllim hazırlığının nə dərəcədə səmərəli olması, tələbə və məzunlarımızın – gənc müəllimlərin ixtisas, səriştəlilik səviyyəsi, diplomdansonrakı təhsili, əmək fəaliyyətinin təşkili ilə bağlı suallar meydana çıxmasından və dünyada gedən qloballaşma proseslərinə həm də milli dövlətçilik maraqları, milli mədəniyyət və mənəviyyat aspektindən yanaşmalıyıq. Demokratik cəmiyyətdə internet vasitəsilə, eləcə də müxtəlif kütləvi informasiya vasitələrindən qəzet, televiziya və radiodan alınan, məlumatların bir şəxsiyyət kimi hələ tam formalaşmamış gənclərin düşüncəsinə, mənəviyyatına, həyat mövqeyinə təsiri heç də həmişə arzuolunan səviyyədə deyildir. Biz bir müəllim, tərbiyəçi kimi əksər hallarda yanlış olan belə informasiyaların gənclərin psixologiyasına mənfi təsir göstərməsini, mənəvi aşınmalara, həyat mövqeyində çaşqınlıqlara gətirib çıxarılmasını nəzərə almalıyıq.
Prorektor konfransın işi ilə bağlı məlumat verərək bildirib ki, konfransda müzakirələr aşağıdakı bölmələrdə aparılacaq:
1.Təlim-tərbiyə prosesinin elmi-nəzəri və praktiki məsələləri.
2. Tərbiyənin psixoloji problemləri və onun şəxsiyyətin formalaşmasına təsiri.
3. Müasir dövrdə mənəvi-əxlaqi tərbiyənin ümumi problemləri.
Konfransın bölmə iclaslarında Azərbaycan Müəllimlər İnstitutu və onun bütün filiallarının, eləcə də, bir xarici ölkə, Bakı və Sumqayıt şəhərlərində, fəaliyyət göstərən 20-yə yaxın orta ümumtəhsil və ali məktəbin nümayəndələrindən ibarət olmaqla, ümumilikdə 160-a yaxın alim, pedaqoq və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi nəzərədə tutulur.
Plenar iclasda Azərbaycan Respublikasının təhsil nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov "Gənclərin milli ruhda tərbiyəsində təhsilin rolunun yüksəldilməsi" mövzusunda çıxış edib. S.Gözəlov öz çıxışında qeyd edib ki, bəşəriyyət XXI yüzilliyin astanasında qlobal yenidənqurma, modernləşdirmə prosesini yaşayır. Müasir dünyada gedən qloballaşma prosesi cəmiyyətin inkişafında, o cümlədən insan resurslarının idarə olunmasında önəmli problem kimi diqqəti cəlb edir. Özünəmxsus çalarlarla xarakterizə olunan bu proses sosial-psixoloji hadisələrin genişlənməsi və bu kontekstdə insan amilinin ona münasibətin dəyişməsini tələb edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tərbiyə işləri üzrə prorektoru Rafiq Baxşəliyev, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev, İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrsının müdiri, AMİ YAP təşkilatının sədri Mircəfər Həsənov müstəqillik əldə etdiyimiz müasir şəraitdə tələbələrin dəyərlər sisteminin, milli mənlik şüurunun formalaşmasının hansı istiqamətə yönəldilməsi və düzgün qurulması tərbiyə işinin başlıca məqsədi kimi qarşıda durmasından, taleyüklü hədəflərə, strateji məqsədlərə çatmaq üçün təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri, səriştəlilik səviyyəsi yeni tələblərə uyğun yüksəldilməsindən danışdılar.
İnstitutun Psixologiya kafedrasının müdiri dosent Nurəngiz Rzayeva "Tələbələrin dəyərlər sisteminin formalaşması tərbiyə prosesinin başlıca funksiyası kimi" mövzusunda məruzə edib. O, qeyd edib ki, konfrans elə bir mövzuya həsr olunmuşdur ki, bu mövzu özünün məzmun və mahiyyəti etibarı ilə yaradılışın özü qədər qədim, mürəkkəb və fəlsəfi düşüncə tərzinə malik çalarlarla xarakterizə olunur. Tərbiyə anlayışı birmənalı şərh olunmur. Bu anlayış geniş mənada cəmiyyət hadisəsi, cəmiyyətin şəxsiyyətə təsiri və praktik olaraq sosializasiyası ilə eyniləşdirilən proses kimi, dar mənada isə təlim prosesində təhsil vermək məqsədi ilə pedaqoqların fəaliyyəti kimi işlənilir. Çıxış bu kontekstdə tərbiyə prosesinin başlıca funksiyası kimi tələbələrin dəyərlər sisteminin formalaşması ilə əlaqədar olub. Bu proseslərin mərkəzində aktual problem kimi dəyərlər və dəyərlər sistemi olan ölkələr dayanır. Ən qədim etnoslardan olan Azərbaycan xalqının zəngin mənəviyyata, dəyərlərə malik olduğunu nəzərə alsaq, problemin bu mənada tərbiyənin əsas istiqaməti kimi təhlilinin prioritetliyini aydın görmək olar.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Mətbuat və informasiya şöbəsi