Goranboyun icra başçısı daha bir intihar şoku yaşaya bilər
Goranboyun icra başçısı daha bir intihar şoku yaşaya bilər
Nizaməddin Quliyev növbəti dəfə sərt ittihamlara tuş gəldi

"Goranboy rayonunda özbaşınalıq baş alıb gedir. İcra başçısı Nizaməddin Quliyev, müavini Baxış Abdullayev buranı talan edir, dağıdır. İcra başçısı deyir ki, mənə heç kim, heç nə edə bilməz. Bu insanın heç kimdən, heç nədən qorxusu yoxdur. Öz müavini ilə birlikdə insanlara qan uddururlar. Gündə bir adam öldürür, birini asıb, o birini kəsirlər. Sözün əsl mənasında özbaşınalıqdır". Bu haqda modern.az-a Goranboy rayonundakı 1 saylı məktəbdə biologiya müəllimi işləyən Milli Qəhrəman Maşallah Abdullayevin qızı Gülxanım Abdullayeva məlumat verib.
"Mən özüm biologiya müəlliməsi işləyirəm, işlədiyim məktəbdə korrupsiya baş alıb gedir. İcra başçısı öz qohumunu məktəbə "zavuç" qoyub, gah kitaba, gah qəzetə, gah dəftərə pul yığdırır. Məktəbin direktoru Səidə Məmmədova çox yaxşı adamdır, ondan incikliyimiz yoxdur. Sadəcə onu işləməyə qoymurlar. Məktəbi də Baxış Abdullayev idarə edir. Etraz səsini çıxaranın da başından basırlar, əziyyət verirlər. Mənim atam döyüşlərdə olub. Mən uşaqlıq yaşamamışam. Hamının atası başına sığal çəkəndə, mən boynumü büküb atamın yolun gözləmişəm.
Heç maraqlanan yoxdur ki, bu gün 64 yaşlı Maşallah Abdullayev hardadır?! O, bu gün yataq xəstəsidir. Mən 3 uşaq anasıyam, yoldaşım çalışmır. Özüm isə 37 manat maaşa baxıram. Artıq qərara gəlmişəm ki, uşaqlarımı vətənin ümidinə qoyub özümə qəsd edəm. Edəcəm də. Mənim qanım şəhidlərin qanından artıq deyil. Səsimə səs verən olmasa, Bakıdakı əbədi məşəlin qarşısında üstümə benzin töküb yandıracam. Daha dözə bilmirəm. Baş verən haqsızlıqlar bizi cana doydurub. Atam Milli Qəhrəman ev dustağıdır, heç yerdə işləmir. Prezident sağ olsun, ona təqaüd kəsib, elə onunla dolanır. Başqa gəlirimiz yoxdur. Bizim yaşadığımız şəraiti görsəniz, dəhşətə gələrsiniz".
Rayon sakini deyib ki, rayondakı həyat dözülməzdir: "Qarabağ uğrunda gedən döyüşlərdə rayonumuz 400 nəfər şəhid verib. Amma bu gün rayonda bir Qarabağ əlilinin, şəhidinin adına bir hektar daş karxanası yoxdur. Hamısı Nizaməddin Quliyev, Baxış Abdullayevin adınadır. Bütün gəlir onların cibinə gedir. Biz nə vaxta kimi sürünəcəyik. Axı biz müstəqil, suveren dövlətin vətəndaşlarıyıq. Prezindentimizin bizə verdiyi azadlıqdan istifadə edərək bugün öz sözümü deyirəm. Əgər məni eşidən olmayacaqsa, Bakıya gəlib əbədi məşəlin önündə özümü yandıracam. Günahkarı da icra başçısı ilə müavinidir. Qoy insanlar baş verəcəklərdən xəbərdar olsunlar".
Xatırladaq ki, son vaxtlar Goranboy rayonundan aramsız vətəndaş şikayətləri, sakinlərin yerli rəhbərlikdən kəskin narazılıqlarına dair intensiv məlumatlar və müəmmalı ölüm xəbərləri gəlməkdədir. Təxminən 10 gün əvvəl rayonda intihar edən Qarabağ qazisinin ölümündə də icra başçısı ittiham edilmişdi. 2011-ci ildə, Nizaməddin Quliyev Goranboya yenicə icra başçısı təyin ediləndə isə rayon xəstəxanasının keçmiş baş həkimi Faiq Abdullayev intihar etdi. O zaman yayılan məlumatlarda keçmiş baş həkimi intihar həddinə Nizaməddin Quliyevin çatdırdığı bildirilirdi. İddia olunurdu ki, Faiq Abdullayevi baş həkim vəzifəsindən çıxartdıran Nizaməddin Quliyev onu təhdid edirmiş.
İcra başçısı daha sonra iş adamı Müqayis Verdiyevin həbsi ilə gündəmə gəldi. Bu məsələ hələ də gündəmin əsas mövzularındandır. Müqayis Verdiyev bildirir ki, onun həbsinin sifarişçisi məhz Nizaməddin Quliyevdir.
Göründüyü kimi, Goranboyun icra başçısının adı ancaq qalmaqallarla gündəmə gəlir. Rayon barədə isə mətbuat səhifələrindən yalnız şikayət, narazılıq məktubları oxumaq olar. İstisna edilmir ki, bütün bunlar parlament seçkiləri ərəfəsində rayon rəhbərinin vəzifədən uzaqlaşdırılması ilə nəticələnsin. Əks halda Nizaməddin Quliyev və adamlarından kəskin narazılıq seçkidə yerli elektoratı hökumətdən incik sala bilər.
Ülviyyə Qasımlı