Prezidentin müşavirəsində səslənən yeni tezislər
Prezidentin müşavirəsində səslənən yeni tezislər

Azərbaycan ciddi islahatlara hazırlaşır

Prezident İlham Əliyev nazirlərlə növbəti müşavirə keçirtdi və bu müşavirə demək olar ki, digər müşavirələrdən fərqli oldu. Çünki hazırda dünyada qlobal proseslər başlayıb, Rusiyaya ciddi sanksiyalar tətbiq olunub və neftiq qiyməti ilk dəfə 50 dollardan aşağı düşüb. Bütün bunlar isə sözsüz ki, Azərbaycana da təsirsiz ötüşməyəcək.

Elə müşavirədə prezident İlham Əliyev bu məsələyə xüsusi yer ayırdı və Azərbaycanın bundan sonra tutacağı durumu təsvir etdi. Prezidentin açıqlamalarından aydın oldu ki, bu il əsas məqsədlərdən biri neftdən kənar sahələrin inkişafı olacaq. İlk növbədə kənd təsərrüfatının. Həmçinin prezident bəyan etdi ki, bir sıra layihələrin icrası dayandırılacaq və nəzarət mexanizmi gücləndiriləcək. Bütün bunlar isə sübutlayır ki, dövlətin həyata keçirəcəyi islahatların qayəsində duran tək məsələ əhalinin bu iqtisadi durumdan əziyyət çəkməməsini təmin etməkdir. Bu səbəbdən müşavirədə prezident dövlət məmurlarına xəbərdarlıq etdi:"
"Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir:
"Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır".
Ölkə başçısı deyib ki, əksər hallarda məmurlarla bağlı müsbət mənzərə müşahidə olunur:
"Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən onlara öz sözümü deyirəm: Gedin, təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyinə sadiq olun. Budur mənim əsas tələblərim".Bunu da qeyd edək ki, İlham Əliyevin keçirtdiyi müşavirə siyasi dairələrdə də yüksək qiymətləndirilib. "Unikal"a açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu müşavirəni prinsipial müşavirə kimi səciyyələndirdi:"Prezident müşavirədə çox səmimi bir mövqe nümayiş etdirməklə bizi qarşıda gözləyən siyasi-iqtisadi durumla həm tanış etdi, həm də çıxış yollarını göstərdi. Prezidentin ən önəmli açıqlamalarından biri də neft sektorundan başqa digər sektorların da inkişafına xüsusi diqqətin ayrılacağı ilə bağlı oldu. Aparılan hesablamalar göstərdi ki, elə məhsullar var ki, bunu Azərbaycanın özü də istehsal edə bilər və bu 8 milyard manata qənaət etmək deməkdir. Bu baxımdan prezidentin kənd təsərrüfatı sahəsində olan problemləri gündəmə gətirməsi və məmurların yaratdığı əngəlləri açıq şəkildə söyləməsi də müşavirənin aktuallığını artırırdı. Bu müşavirədən çıxartdığım bir nəticə də bu oldu ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərtləşdiriləcək və prezident daha dinamik bir komanda yaratmağa başlayacaq.Bu isə ilk növbədə Azərbaycanın iqtisadi və ərzaq təhlükəsizliyinin təmin olunması deməkdir". Politoloq Arzu Nağıyev də prezidentin son iclasını çox önəmli mesajlarla zəngin müşavirə kimi dəyərləndirdi:" Prezident çox düzgün olaraq ən ümdə məsələni qaldırdı: kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir. Prezident öz çıxışında "xalqın birinci xidmətçisi mənəm" fikrini səsləndirib. Bu, bir ibrətamiz məsləhət, tələb kimi səslənir. Hər bir məmur da bundan özü üçün müvafiq nəticə çıxarmalıdır.Bu onun birbaşa vəzifə borcudur...
Həmişə xalq qarşısında alnıaçıq, üzüağ olması üçün hər bir məmurun, icra strukturunun insanların həyatı ilə yaşaması, onların problemlərinə biganə yanaşmaması, diqqətli olması, problemlərin həllində peşəkarlıq və diqqət nümayiş etdirməsidir.Yəni öz işinə məsuliyyətlə yanaşmayan, bu xalqın zəhməti, əziyyəti hesabına varlanan məmurlar ən ağır vicdan əzabı və cəzalarını çəkməlidirlər. Prezidentin xəbərdarlığı da bundan ibarətdir.Hər bir vətəndaş əmin olmalıdır ki, xalqın malına xor baxanlara heç bir güzəşt olmur, cəzanın geci-tezi var". Beləliklə hesab etmək olar ki, yaxın günlərdə müşavirənin real nəticələrini görəcəyik və yeni sosial-iqtisadi islahatların şahidi olacağıq.
Mehdi Əli