Arif Əsgərovdan narazılıqlar daha da şiddətləndi
Arif Əsgərovdan narazılıqlar daha da şiddətləndi

"Dəmir yolu şefi"ndən ölkə rəhbərliyinə şikayət edildi, martın 2-nə etiraz aksiyası təyin olundu

Aylardır müvafiq qurumlara müraciət edən, lakin heç bir nəticə əldə edə bilməyən "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin 187 nəfər qatar bələdçisi prezidentə göndərdikləri şikayət məktubunda çalışdıqları QSC-də baş verən qanunsuzluq və özbaşınalıqlardan bəhs ediblər.
Narazı dəmiryolçuların prezidentə ünvanladığı şikayət məktubunda deyilir: "Uzun illərdir bu problemlərdən yazsaq da, müvafiq qurumlara dəfələrlə müraciət etsək də nə dövlət orqanları, nə də "Azərbaycan Dövlət Dəmir Yolları" QSC tərəfindən bu düyünü açmağa əlac tapa bilmirik.
Bir ildən artıqdır ki, bütün qurumlara - Milli Məclisə, Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Həmkarlar İttifaqları Konfederasiyasına, Hesablama Palatasına və aiddiyyəti üzrə digər qurumlara müraciət və şikayət etsək də heç bir nəticə əldə edə bilmirik. Nə qanunların gücü, nə də mövcud qərarlar "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-yə heç bir təsir göstərə bilmir.
Uzun illər boyu rüşvət və korrupsiya çirkabına batmış və hələ də bu əməllərini davam etdirən QSC-nin sədri Arif Əsgərov onun müavini Əlirza Süleymanov, Sərnişindaşıma Departamentinin sədri Elyar Muradov, Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişov hələ də öz əməllərindən əl çəkməyərək öz hegemonluqlarını edirlər".
Dəmiryolçular üzləşdikləri haqsızlıqlar və dəmiryolu sistemində mövcud olan problemlərlə bağlı məlumat verərək dövlət başçısından kömək istəyirlər: "Hörmətli prezident, bizə kömək edin, dağıdın bu rüşvətxor, cinayətkar yuvasını. Bir Azərbaycan vətəndaşı kimi bizim də çiçəklənən və inkişaf edən doğma yurdumuzda xoşbəxt və firavan yaşamağa haqqımız var".
QSC-də çalışan 187 bələdçi BŞİH rəhbəri Hacıbala Abutalıbova müraciət edərək onlara 3 saatlıq dinc aksiya keçirmək üçün icazə verilməsini istəyirlər.
Qeyd edək ki, narazı bələdçilər ötən il də BŞİH-ə müraciət edərək aksiya keçirmək üçün icazə istəmişdilər. Lakin BŞİH onlara aksiya keçirmək əvəzinə problemlərinin həll edilməsi üçün yenidən QSC-yə müraciət etməyi məsləhət görmüşdü. Hacıbala Abutalıbov bələdçilərin müraciətinə baxılması üçün şəxsən özü QSC sədri Arif Əsgərova məktub göndərmişdi. Lakin nə o məktuba cavab verilmiş, nə də narazı bələdçilərin şikayəti dinlənilmişdi.
Bu dəfə bələdçilər Hacıbala Abutalıbovdan martın 2-də aksiya keçirmək üçün icazə istəyirlər.
Qeyd edək ki, artıq uzun müddətdir ki, dəmiryolçular müvafiq qurumlara şikayət edir, QSC-nin binası qarşısında toplaşırlar. Narazı dəmiryolçular QSC-nin baş idarəsinin qarşısına sonuncu dəfə yanvarın 26-da toplaşmış, amma yenə də nəticə əldə edə bilməmişdilər. Dünən isə Veysəl Mustafayev, Mehdi Həmidov və Təranə Hümbətova adlı narazı bələdçilər dəmiryolu polisinə çağırılıb. Onlardan aksiyanın təşkilatçılarının kim olduğu soruşulub.
Sənan Mirzə