Müxalifətin daha bir ittifaqı yaranmamış fiaskoya uğradı

ALP, ADP və Ümid Partiyası Demokratiya və İnsan Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki blokunda təmsilçilikdən imtina etdi

Son illər radikal müxalifət düşərgəsində yaranan birliklər bir-birinin ardınca məhv olur. Son olaraq Milli Şuranın hansı formada parçalanması hər kəsin gözü qarşısında baş verdi.
Qarşıdan gələn parlament seçkilərində birgə iştirak etmək istəyən radikal müxalifət budəfə ittifaq yaranmamış fiasko ilə üzləşib. Belə ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki bloku ilə bağlı apardığı danışıqlar artıq yarımçıq qalıb. Üç partiya Liberal Partiya, ADP və Ümid Partiyası Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki blokunda təmsil olunmayacaqlarını bəyan ediblər. Bəs görəsən, bu ittifaq niyə baş tutmadı? Radikalların bir araya gələ bilməməsinin səbəbi nədir?
Bu barədə fikirlərini "Unikal"la bölüşən Demokratik İslahatlar Partiyasının sədr müavini Əli Cəfərov deyib ki, müxalifət düşərgəsində birlik təşəbbüsünün nəticə verməməsinin günahını müzaikrə tərəflərində görür. Onun sözlərinə görə, hər partiya közü öz qabağına çəkməklə bu kimi ideyaların gerçəkləşməsinə mane olur."Düsünürəm ki, hər bir partiyanın özünün siyasi-ideoloji xətdi mövcuddur. Adətən ideoloji baxımdan yaxın olan partiyalar seçki öncəsi bloklar yaradırlar. Necəki zamanında Musavat, AXCP ,KXCP və sairə. Hal hazırda partiyalar ideoloji yox siyasi maraqlarına görə bloklar yaradırlar ki, müəyyən ugurlar əldə etmiş olsunlar. Bəzən də partiyalar biri digərlərini qəbul etmir və yaxud da bir birilərini ittiham edirlər. Bu isə bütövlükdə götürəndə müxalifətin məğlubiyyətinə gətirib çıxarır. Belə demək mümkünsə əksər partiyalar firqə maraqlarından çıxıs edirlər".
"Unikal"ın məlumatına görə, Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib ki, müxalifət daxilində formalaşmış münasibətlərin tarixini nəzərə alaraq hər hansı seçki blokuna qoşulmayacaqlar. O, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki bloku ilə bağlı apardığı danışıqlarda iştirak etmədiklərini söyləyib. Partiya sədrinin fikrincə, ALP-nin seçkilərlə bağlı təklifi daha məqbuldur: "Hesab edirəm ki, ən yaxşı variant hər dairədən bir müxalifət namizədinin olmasıdır. Başqaları blok kimi getməyi düşünürlərsə, onlara uğurlar diləyirik". Ə.Temirxan ALP-nin hazırda hansısa bloka qoşulmaq niyyəti olmadığını dilə gətirib: "ALP-nin hər dairə üzrə namizədi var. Amma məsələ burasındadır ki, bütün müxalifət razılaşdırılmış qaydada hər dairədən bir namizəd verməlidir. Əgər hər hansı müxalif partiyanın bir dairədən namizədi varsa, ikincisi olmamalıdır. Ona görə də müxalifət qüvvələri parçalanmasın deyə namizədlərin razılaşdırılmasının müzakirəsinə hazırıq. Hər bir partiya razılaşdırılmış qaydada ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun. Yenə də qeyd etmək istəyirəm, hələ ki seçki blokuna qoşulmaq niyyətimiz yoxdur". "Mərkəzdən acıq edib getməmişik" Ə.Temirxan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "ALP Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən acıq edib getdi" sözlərinə münasibət bildirib: "Mərkəzdən acıq etmək üçün səbəb yox idi. Sadəcə, toplantı həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı idi, amma gördük ki, müxalifət parçalanır və bu parçalanmada tərəfə çevrilmək istəmədik. Biz mövqe parçalanmasında tərəf ola bilmərik. Bir araya gəlsəydilər, orada olmağımız mümkün idi".
Maraqlısı odur ki, digərlərini suçlayan ADP sədri Sərdar Cəlaloğlu da analoji addım atıb. Belə ki, "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyası Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən (SPDİHM) uzaqlaşıb. Sərdar Cəlaloğlunun sözlərinə görə, dünən yaradılan "Azadlıq-2015" seçki blokunda iştirak etməmək barədə qərar qəbul ediblər: "Seçki blokunun yaradılması ilə bağlı keçirilən iclasda biz də iştirak etdik, amma "yox" qərarı verdik. Çünki orada elə partiyalar var ki, biz onlarla sıx əməkdaşlıq edə bilmərik. Keçmiş təcrübəyə əsaslanaraq və perspektivi nəzərə alaraq həmin partiyalarla bir yerdə olmamaq qərarını verdik. Biz artıq Demokratiya və İnsan Haqları Mərkəzində yoxuq. Vətəndaş və İnkişaf Partiyası, Azad Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Aydınlar Partiyası və Azadlıq Partiyasına yeni blokda uğurlar arzulayırıq".
Göründüyü kimi, radikal müxalifət liderlərinin mənasız ambisiyaları və müxtəlif yerlərdən sifariş almaları onların bir araya gəlməsinə imkan vermir. Bu da cəmiyyətin onlara inanmaması üçün əlavə zəmin yaradır.
Qərib Gərayzadə