Ukraynalılar oliqarxların maraqlarının təminatı üçün vuruşmaq istəmirlər
Ukraynalılar oliqarxların maraqlarının təminatı üçün vuruşmaq istəmirlər

Poroşenkonun strategiyası puç oldu: o nə etdiyini ya bilmir, ya da anlamır

Kiyevin mərkəzindəki küçəsini tüstü və his bürümüşdü. Onlar avtomobil şinlərinini darvazanın qarşısına yığaraq od vurmuşdular, üstəlik dəmir çəlləklərə dayanmadan döyəcləyirdilər. "Aydar" könüllülər alayının təxminən 300 döyüşçüsü Kiyevdə Ukrayna Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirirdilər.

"Aydar"ın döyüşçüləri Ukraynanın şərqində separatçılara qarşı vuruşurlar. Müdafiə Nazirliyi alayı ləğv etmək niyyətindədir.
Heyətində 5600 döyüşçü olan "Aydar"ı bir sıra beynəlxalq təşkilatlar, o cümlədən "Amnesty International" əsirlərə işgəncələr verməkdə və qətlə yetirməkdə suçlayırlar.
Di gəl, çox pis təşkil olunmuş və separatçılarla savaşlarda parçalanan Ukrayna ordusunu yalnız şərti olaraq "döyüş qabiliyyətinə malik" adlandırmaq mümkün olduğundan rəsmi Kiyev "Aydar"ın xidmətlərindən bilmərrə imtina etmək istəmir.
Vəziyyət ağırdır.
Ukraynanın 8 min hərbçisi ölkənin şərqində, Luqansk və Donetsk arasındakı Debaltsevo şəhərinin ətrafında mühasirəyə düşüblər.
Qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın silahlı birləşmələri 500 min sakini olan Mariupol şəhərinin həndəvərlərinə yığışırlar.
Mariupol sənaye mərkəzi, liman şəhəridir.
Beləliklə, Ukraynada ölkənin silahlı qüvvələri və separatçılar arasında döyüşlər daha da aktivləşib. Hər iki tərəf sentyabr ayında Minskdə əldə olunmuş razılaşmanın şərtlərinə əldə etmək istəmirlər.
Ukrayna hakimiyyəti ölkənin şərqindəki separtizm bəlasını, ümumiyyətlə, tam həll etmək, Luqansk və Donbasdakı birləşmələrin kökünü kəsmək istəyirsə, Rusiyadan hər cür yardım və dəstək alan separatçılar isə ərazilərini artırmaq istəyirlər. Onlar "respublika" yaratmaq üçün indiki əraziləri balaca sayırlar.
Şərq bölgələrinin Ukraynanın digər məkanları ilə müqayisədə sənaye baxımından inkişaf etmiş yerlər olduğunu da nəzərə alsaq, tərəflərdən heç biri asanlıqla geri çəkilən deyil.
Ukrayna prezidenti Pyotr Poroşenko bəyanatlar, çıxışlar və açıqlamalarında seçdiyi yola zərrə qədər şübhə etməyən ötkəm, qətiyyətli dövlət başçısı görkəmi yaratmaq istəsə də, onun sözləri ilə əməlləri tərsdir.
Cənab Poroşenko nə etdiyini ya bilmir, ya da anlamır.
Məsələn, ötən ilin sentyabrında Poroşenko "radikal vasitə"ni seçdi: o, Luqansk və Donbasdakı vətəndaşlara pensiyalarla sosial müavinətlərin ödənişini dayandırdı. Bundan başqa, həmin bölgələrdəki xəstəxanalarla uşaq bağçalarına da pul ayrılmır.
Odessa şəhərində olanda Poroşenko belə "tədbir"ləri qələbənin rəhni kimi qələmə vermişdi: "Bizdə təqaüdlər olacaq, onlarda isə yox. Bizim uşaqlarımız məktəblərə gedəcəklər, onların uşaqları isə zirzəmilərdə oturacaqlar. Bax müharibədə məhz belə qalib gələcəyik".
Ukrayna prezidentinin strategiyası puç oldu. Blokadanın tətbiqi separatçı regionların əhalisinin Kiyevə qarşı antipatiyasını daha da artırdı, Rusiyanın idarə etdiyi "üsyançı" silahlı birləşmələr duruma sevindilər.
Separatçıların hərbi qüvvələrinin aclıq və pulsuzluqdan şikayətlənərək təslim olmağa başladıqları da müşahidə olunmur. Hər halda Rusiya Donbasla Luqanska artıq 12-ci ərzaq karvanını, humanitar konvoyunu yollayıb.
Buna görə də Donbas və Luqanskın yerli əhalisinin əksəriyyəti indi nəzərlərini Kiyevə yox, Moskvaya dikiblər. Luqanskla Donbasda birləşməyi nəzərdə tutan separatçılar indi Rusiyanın protektoratları təki mövqelərini möhkəmləndiriblər.
Bundan başqa, Rusiyanın həmin regionlara yolladığı və "könüllülər" kimi qələmə verdiyi peşəkar hərbçilər separatçıların başıpozuq dəstələrini intizamlı hərbi birləşmələrə başlayıblar.
"Xalq respublikaları"ndakı təbliğatçılar özlərini "Ukraynanın oliqarxiya hakimiyyətinə qarşı mübarizlər" kimi təqdir edir və rəqibin ən zəif yerindən vururlar. Axı Kiyevdəki Maydanda başlayan inqilabdan düz bir il keçsə də, Ukraynanın əksər bölgələrində kriminal oliqarxların və rüşvətxor, cinayətkar dəstələrin hakimiyyəti davam edir. Belə oliqarxlar arasında Dnepropetrovsk vilayətinin qubernatoru, bankir İqor Kolomoyski də var. Könüllülərdən ibarət "Aydar" alayının baş maliyyəçisi də elə odur.
Bu yaxınlarda Ali Rada da, yəni Ukrayna parlamentində iqtidardakı partiyanın mənsublarından olan millət vəkili baş nazir Arseni Yasenyukun rəhbərlik etdiyi "Xalq Cəbhəsi" fraksiyasının bütünlüklə oliqarxların təsiri və nəzarəti altında olduğunu dedi.
Ukraynalılar oliqarxların maraqlarının təminatı üçün vuruşmaq istəmirlər.
Əsgərlər, onların ailə üzvləri elə hey deyirlər ki, yüksək vəzifəli dövlət məmurlarının övladları ölkənin şərqində separatçılara qarşı vuruşan hərbi hissələrdə xidmət etmirlər.
Belə vəziyyətdə, Ukraynada aləm qarışdığı bir zamanda Qərb, ilk növbədə, ABŞ Kiyevə silah və hərbi texnika verməyə hazırlaşır.
Qərb dərk etmir ki, haqlı olmaq hələ dürüst strategiya hazırlamağı bacarmaq demək deyil. Ukraynaya silah satılması ölkənin faciəyə itələnməsi olardı.
ABŞ-a qarşı çıxmağın avtomatik olaraq ədalət carçısı və haqq tərəfdarı imicini qazanmağa asan yol təsiri bağışladığı zamanları unudaq. Aydındır, aşkardır ki, Ukrayna qonşu dövlətin, Rusiyanın etiraf olunmayan işğalına məruz qalır.
Rusiya Ukraynanın şərqinə "könüllülər" adı ilə peşəkar hərbçilərini yollamaqla yerli rusdilli əhali ilə ukraynalılar arasında guya düşmənçiliyin yarandığını, vətəndaş müharibəsinin yaşandığını göstərmək istəyir. Halbuki, Ukraynada rusdillilərlə ukraynalılar arasında tarix boyu qarşıdurmalar olmayıb. Üstəlik, Rusiya 1994-cü ildə Ukraynanın nüvə silahından imtina etməyinin müqabilində Kiyevə verdiyi ərazi bütövlüyünün və suverenliyinin təminatı ilə bağlı sözü də "unudur".
BMT-nin Təhlükəsizlik Şurası indiki təki boşboğazlıq, zəiflik, biveclik və qeyri-ciddilik simvoluna çevrilməsəydi, Rusiyanı işğalda birbaşa suçlayar, Rusiya tərəfdən hərbi texnika ilə hərbçilərin axınının qarşısını almaq üçün Ukrayna-Rusiya sərhədinə dərhal sülhməramlı kontingent yollayardı.
Ona görə də dünya birliyi Ukraynadakı olaylarla bağlı "tərəflərin hər birindən eyni uzaqlıqda duraraq obyektiv mövqe" tutmağa çalışmamalıdır. Kimin işğalçı, kimin də işğal olunan olduğu, kimin zərərçəkən, kimin də zərər verən olduğu aşkar görünür.
Problem Qərbin baş verənləri hələ də anlamamasındadır.
ABŞ və Avropa Birliyinin Rusiya ilə bağlı siyasəti indiyədək Moskvaya qarşı sanksiyaların tətbiqindən ibarətdir. Vaşinqtonla Brüssel Moskvaya başa salmağa çalışır ki, əgər rusiyalılar Avropa ailəsində olmaq istəyirlərsə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı azsaylı, amma çox mühüm qaydalara riayət etməlidirlər.
Bundan başqa, Moskva ukraynalıların ölkələrinin gələcəyini müəyyənləşdirmək, o cümlədən Avropa Birliyinə qoşulmaq hüquqlarını tanımalıdır.
Rusiya bu prinsiplərə tam riayət etməyincə Qərblə Moskva arasındakı münasibətlər normallaşan deyil. Münasibətlər əvəzinə qarşılıqlı şəkildə dişləri sıxaraq dözmək olacaq.
Ukraynaya silah və hərbi texnikanın verilməsi Kiyevin üzləşdiyi problemlərin həllinə yönəlmiş səylərin alt-üst olması ilə yanaşı, belə uğursuzluğa görə məsuliyyətin etirafı da olacaq. Vəziyyət daha da pisləşəcək.
Çünki Ukrayna ordusunun indiki vəziyyətini, döyüş hazırlığı səviyyəsini nəzərə alsaq, həmin silah və hərbi texnikaları alandan sonra ukraynalı hərbçilər özlərini qoruya bilməyəcəklər. Onları Rusiyanın ağır zərbələrindən qorumaq lazım gələcək.
Bu günədək Ukrayna ordusu separatçılarla döyüşlərdə azacıq irəliləyən, uğur qazanan kimi Rusiya Donbas və Luqanska yolladığı hərbçilərin, texnikanın sayını artırıb, ukraynalı hərbçiləri geri çəkilməyə vadar edib.
Rusiyanın oyun qaydalarına qatılmaqla Qərb Ukraynada heç bir vəchlə qalib gələ bilməz.
Hərə öz oyununu oynamalıdır.
Elçin Alıoğlu