Müxalifət iqtidarla razılaşdı
Əli Həsənov: "Razılaşma oldu ki, siyasi partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etdirilsin"

"Görüşümüzdə razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi, yəni mənimlə siyasi partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etdirilsin".
Bu fikirləri mətbuata açıqlamasında Prezident Administrasiyasının ictiami siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, müxalifət partiyaları ilə görüşlər bundan sonra iki aydan bir keçiriləcək: "Biz hər iki aydan bir görüşmək barədə qərar qəbul etdik. Razılaşdıq ki, siyasi partiyaları, hakimiyyəti, vətəndaşları narahat edən məsələləri əvvəlcədən müəyyənləşdirib müzakirə edək. İkinci olaraq görüşün format məsələsi müzakirə olundu. Bu müzakirələrdə kimlərin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün partiyalar bu görüşlərdə iştirak edə bilər. İndiyə qədər görüşlərdə 18-20 partiya iştirak edib. Bir neçəsi qatılmayıb ki, onlara da dəvət göndərilib, onlar müəyyən səbəblərdən qəbul etməyib. Amma yenə də görüşlərə qatılmaq istəsələr qapımız onların üzünə açıqdır".
PA rəsmisi vurğulayıb ki, görüşdə müzakirə olunacaq məsələlərlə bağlı müxtəlif fikirlər səslənib, tövsiyələr bildirilib: "Amma bu təkliflərdən növbəti görüşdə hansının müzakirə olunacağı partiyalarla müzakirələrdən sonra müəyyənləşdirəcəyik. Həmçinin mövzularla bağlı fikirləri təkcə burada saxlamamaq, cəmiyyətə çıxarmaq barədə qərar verildi. Onlardan ən məqbul hesab olunanların həyata keçirilməsinə çalışılsın".