Xocalı soyqırımına MTN yanaşması
Xocalı soyqırımına MTN yanaşması

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
MTN-nin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, fevralın 26-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olmuşlar. Anım tədbiri açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.
Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev çıxış edərək bildirmişdir ki, bəşər tarixində qanlı və dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr olunmuş tədbiri xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: "Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olmuşdur. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunun, xalqımızın milli azadlıq uğrunda apardığı müharibənin qurbanlarıdır, şəhidləridir. Bu qəddar və amansız soyqırım aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu".
Əsrlərdən bəri monoetnik, "böyük Ermənistan" yaratmaq kimi sərsəm iddia ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxmış, tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atmışlar. Qonşu olduqları dövlətlərin torpaqlarına göz dikmək erməni xislətinə xas olan ən əsas xüsusiyyətlərdən biridir. Erməni millətçiləri öz mənfur niyyətlərinə çatmaq üçün daim əlverişli məqamlardan istifadə etmiş, hər dəfə bölgədə ictimai-siyasi durum dəyişən kimi daha da fəallaşaraq fitnə-fəsad törətmişlər.
General-mayor İ.Allahverdiyev bildirmişdir ki, tarixdə erməni xəyanəti və vəhşiliyi nəticəsində çoxlu sayda dəhşətli və qanlı faciələr baş vermişdir.1804-cü ildə Gəncə, 1827-ci ildə İrəvan şəhərlərinin rus qoşunları tərəfindən işğalında, 1911-ci ildə Cənubi Azərbaycandakı xalq azadlıq hərəkatının boğulmasında, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda, həmin ilin mayında Gəncədəki böyük xalq üsyanının yatırılmasında erməni fitnəkarlığı həlledici rol oynamışdır. 1918-20-ci illərdəki Zəngəzur, İrəvan, Göyçə, Şamaxı, Quba, Urmiya qırğınları tariximizin ən qanlı səhifələrindəndir. Onu demək kifayətdir ki, 1918-ci il martın son üç günü ərzində ermənilər tərəfindən Bakıda törədilən qırğınlarda minlərlə azərbaycanlının həyatına son qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət də olduqca gərginləşmişdi. O vaxtkı hakimiyyətin naşılığı, bacarıqsızlığı və iradəsizliyi nəticəsində Milli Ordunun yaradılması işi ləngiyirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin başlanğıcında Azərbaycan Silahlı Qüvvələri Milli Ordunun tam silahlanmamış bir neçə taborundan, DİN, MTN, Xüsusi təyinatlı milis dəstələrinin bölmələrindən, pis silahlanmış və yaxşı təlim keçməmiş vahid komandanlığı olmayan, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən ibarət idi. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, erməni silahlı dəstələrindəki təkcə muzdluların sayı azərbaycanlı döyüşçülərdən çox olmaqla yanaşı, onlar həm də daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdilər. Sovet silahlı qüvvələrinin 366-cı motoatıcı alayı da açıq-aşkar ermənilərin tərəfində idi. Bu alayın əksər zabiti və giziri milliyətcə erməni idi.
Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi leytenant S.Ələkbərov, kursantları - E.Hacıyev və İ.Cəlilov Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, bütün Azərbaycan gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərini və Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini bildirmişlər.
Tədbirin sonunda "Məhv edilmiş şəhər – Xocalı faciəsi" adlı sənədli film nümayiş etdirilmişdir.