Həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə başlayıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış yanvarın 5-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanında yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb. Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib. Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.