Ağsu rayonunda güllələnmə hadisəsi olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndində baş verib.

Rayonun Kalva kənd sakini, 1965-ci il təvəllüdlü Qəniyev Mikayıl Əliyusif oğlu Dilman kəndində özünə məxsus mal-qara fermasında güllə yarası alıb.

Özünün dediyinə görə, o, ov tüfəngi ilə ehtiyatsız davranıb və qəflətən açılan atəş nəticəsində ayağından ağır xəsarət alıb. Fermer təsərrüfatının sahibi M. Qəniyev təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.