Xəbər verdiyimiz kimi, 17 fevral 2017-ci il tarixdə saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit aşkar olunub.

Artıq meyitin kimliyi məlum olub. Bu barədə Unikal.org-a mərhumun yaxınları məlumat veriblər. Bildiriblər ki, meyit 1957-ci il təvəllüdlü Sumqayıt sakini Qurbanov Vidadi Cümşüd oğluna məxsusdur. 

O, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində operator işləyib. 

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.