Türkiyə İraqın şimalındakı kürd terrorçularına qarşı keçirilən əməliyyat barədə Rusiya, ABŞ və digər tərəfdaş ölkələri əvvəlcədən xəbərdar edib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan "Röytersə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İraqın Sincar şəhərində və Suriyanın şimalında əməliyyatlar terrorçular tam məhv edilənədək davam etdiriləcək. Ərdoğan Sincarın PKK terrorçularının bazasına çevrilməsinə imkan verməyəcəyini bildirib.

"Biz tədbirlər görməyə borcluyuq. Biz addımlar atmalıyıq. Biz bu barədə ABŞ, Rusiya və İraqı məlumatlandırdıq. Bu əməliyyat barədə Bərzani də (İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani - red.) məlumatlı olub, - deyə Ərdoğan qeyd edib.

O, əməliyyat zamanı "Peşmərgə kürd silahlı dəstələrinin bir neçə üzvünün ölümündən təəssüfləndiyini bildirib. Ərdoğan əməliyyatın "Peşmərgəyə qarşı yönəlmədiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.

Ankara bundan əvvəl dəfələrlə Vaşinqtonu PYD və YPG-ni silahlandırmaqda ittiham edib. ABŞ İŞİD-lə mübarizədə kürd terror qruplaşmalarını müttəfiq hesab edir.