Prezident İlham Əliyev rusiyanın məşhur qəzetinin baş redaktorunu qəbul edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının "Zavtra qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov Ümummilli Liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirdi. Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Prezident İlham Əliyev Rusiyanın "Zavtra qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.