"Qəbələ komandası heyətini daha bir futbolçu ilə gücləndirib. 

Unikal.org-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət təmsilçisi Deyv Bultuis ilə anlaşıb.
27 yaşlı hollandiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, "Purmersteyn, "Volendam və "Utrextin yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına da Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə "Utrextin şərəfini qoruyub. 2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü "Nürnberqin heyətində keçirib.
Qeyd edək ki, 2017/18 mövsümünün hazırlıqlarını Avstriyada davam etdirən "Qəbələ yay fasiləsi ərzində İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famoussa Koneni heyətinə qatıb.