Sabahdan ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

Unikal.org  xəbər verir ki, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.

Hazırda Azərbaycanın ali məktəblərində 6423 yer boşdur. Boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent jurnalının 8-ci sayında dərc olunacaq.

Həmçinin, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Müsabiqə nəticəsində 6423 yer boş qalıb.