Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı dünyada populyardır və bu musiqi sənəti inkişaf etmişdir.

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edirlər. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır.

Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir. Azərbaycan musiqisində "muğam" termini eyni zamanda lad, melodiya və janr kateqoriyalarını bildirir. Bu termin lad mənasında azı yeddi yüzildir ki, mövcuddur. XIV yüzildə yaşamış görkəmli Azərbaycan musiqi nəzəriyyəçisi, ifaçısı və bəstəkarı olan Əbdülqadir Marağainin risaləsində O, orta əsrlərdə Yaxın və Orta Şərq musiqisində geniş yayılmış 12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast, İraq, İsfahan, Zirafkənd, Bozurq, Rəhavi, Hüseyni və Hicaz) münasibətdə tətbiq edilir. Hazırda Azərbaycan musiqisində təkcə yeddi əsas ladı (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Humayun, Şüştər) deyil, həm də çoxsaylı tonal variantları (Mahur, Dügah, Bayatı-Qacar, Xaric Segah, Orta Segah, Mirzə Hüseyn Segahı, Yetim Segah və s.) da muğam adlandırırlar. Muğam termini geniş mənada, eləcə də başlıca ladların şöbələrinə də aid edilməklə, onları da ümumilikdə lad kimi əks etdirir. Azərbaycanın çağdaş musiqi məişətində, habelə sərbəst vəznli melodiyaları da "muğam" adlandırırlar. Hərçənd ənənəvi muğam repertuarı müxtəlif tipləri - müəyyən vəzni olmayan improvizasiya xarakterli melodiyaları ("bəhrsiz hava"), takt vəzni ilə melodiyalar ("bəhrli hava") və qarışıq vəznli melodiyaları ("qarışıq bəhrli hava") özündə birləşdirsə də, musiqiçidən muğam ifa etməsi xahiş olunanda istisnasız olaraq "bəhrsiz hava" nəzərdə tutulur. Geniş yayılmış fikrə görə, muğamın melodik üslubu öz kökləri ilə Quranın ənənəvi oxunuşuna gedir, lakin bəzi alimlər bunun mənşəyini Avestanın himn ənənələrində görürlər. Bu iki nöqteyi-nəzər muğam melodik üslubunun mənşəyini müəyyən etməkdə haçalansa da, öz mənşəyinə görə sakral təzahür kimi qiymətləndirmədə üst-üstə düşürlər. Son illər Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı dünyada populyardır və bu musiqi sənəti inkişaf etmişdir. Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır. Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır.

Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunun təşəbbüskarı layihə rəhbəri Nicat Müslümov