Faiq Seyidovun oğlu “Mercedes GL”lə adam öldürdü - cinayət isə gizlədilir (FOTO)

12 Oktyabr 2017 [10:26]


Bakıda üç il əvvəl iş adamının oğlunun yüksək sürətlə idarə etdiyi avtomobillə vurub şil-küt etdiyi piyadanın-Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovun ölümünün ört-basdır edilməsinin yeni təfərrüatları məlum olub.

Unikal.org virtualaz.org-a ustinadən xəbər verir ki, söhbət "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində törətdiyi qəzadan gedir. Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, "Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib, lakin onun "öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır ediblər.

Nəticədə biznesmenin oğlu törətdiyi hadisəyə görə məsuliyyətdən kənarda qalmağa nail olub. Və belə görünür ki, onun hansısa yollarla təmin etdiyi toxunulmazlıq statusu son vaxtlar bir-birinin ardınca qəzalar törədib insan ölümlərinə səbəb olan məmur, general övladlarının statusunu da üstələyib.



Çünki son bir neçə ayda Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, Xəzər Dəniz Gəmiçiliyi idarəsinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Novruzəli Orucovun oğlu kimi yüksək mənsəbli şəxslərin ailə üzvləri törətdikləri səs-küylü cinayətlərə görə həbs olunublar. Bu da ondan irəli gəlir ki, prezident İlham Əliyev məmurların ailə üzvlərinin törətdikləri əməllərə görə cəzasız qalmayacağını, hər kəsin qanun qarşısında bərabər olduğunu qəti bəyan edib. Belə hallara qarşı barışmaz mövqe ortaya qoyub. İndiki halda isə biznesmen oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olublar.

Xatırladaq ki, bu hadisənin ört-basdır edilməsi "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, "Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir. Bu haqda hər iki tərəfin mövqeyini işıqlandırmaqlavirtualaz.org saytı da geniş yazmışdı.



Polkovnikin ölümünün ört-basdır edilməsi faktının bu münaqişədən sonra KİV-lərə sızdırılması ola bilsin ki, təsadüf deyil. Lakin bu , məsələnin daha az ictimai maraq kəsb edən hissəsidir, əsas olanı budur ki, nüfuzlu iş adamının oğlu Bakıda ölümlə nəticələnən yol qəzası törədib və bu hadisəyə görə hələ də məsuliyyətə cəlb olunmayıb. Niyə? Necə olub ki, 3 tondan çox ağırlığa malik, yüksək sürətlə hərəkətdə olan cipin vurub xurd-xəşil etdiyi piyada hospitala aparılandan və orada keçinəndən sonra onun "öz əcəli ilə öldüyü” qənaətinə gəliblər?

Qeyd edək ki, az qala hər gün ölümlə nəticələnən piyada vurulması hadisələrinin baş verdiyi Bakıda 2014-ci ildə baş vermiş həmin hadisə geniş ictimai maraq kəsb etməyib. Belə hadisələr adiləşdiyindən KİV-lər onu araşdırmağa lüzum görməyib və piyadanın vurulması haqda xəbər lentlərində qısa məlumatdan başqa təfərrüatlar da yer almayıb. Lakin həmin məlumatlarda qısaca da olsa göstərilirdi ki, piyada aldığı xəsarətlərdən xəstəxanada keçinib. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı ilə münaqişəyə görə gündəmə gəlib və fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, "ürək tutmasından” ölüb.



Bəs biznesmen oğlunun avtomobillə vurduğu piyada hansı xəsarətlər almışdı? Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının hüquqşünas sorğusuna verdiyi cavabda göstərilir ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu 18.05.2014-cü il tarixdə agir vəziyyətdə (!) hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmamışdı. Lakin Baş Klinik Hospitalın cavabında qeyd edilir ki, aparılmış reanimasyon tədbirlərə baxmayaraq xəstədə "bioloji ölüm” (?) qeydə alınıb və o, kəskin ürək-damar çatışmazlığından vəfat edib.

Göründüyü kimi ağır bədən xəsarətləri alan xəstə hospitala daxil olur və o, daha sonra "öz əcəli ilə”, yaxud "qəfil ürək tutmasından” ölür. Burada məntiq haradadır? Açıq-aşkar şübhə yaranır ki, həkimlər xəstənin aldığı ağır fiziki xəsarətlərdən öldüyünü ört-basdır etmək üçün "bioloji ölüm” barədə rəy veriblər?



Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsindən isə bildirirlər ki, hadisə ilə bağlı cinayət işi CM-nin 263.2-ci maddəsinə əsasən başlanılıb (ölümlə nəticələn agır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.

MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi isə zabitin meyitinin məhkəmə-tibbi ekspertizasını keçirməyə nəyə görəsə lüzum görməyib. Hansı ki, Mərkəzi Klinik Hərbi Hospitalın həkimlərinin verdiyi rəyə əsasən avtomobillə vurulmuş piyadada aşağıdakı ağır fiziki xəsarətlər var idi: hər iki ağciyərin pulmoniti, sağ 4 qabırğanın, sağ körpücük sümüyünün diafizin yerdəyişməsi, köndələn sınığı, hər iki oma-qalça birləşməsinin və sinfizin cırılması, sağ sirkə kasasının damının, sağ qasıq sümüyünün hər iki şaxəsinin qəlpəli yerdəyişmiş sınıqları, sol baldır sümüklərinin sınıqları, travmatik-hemorragik 2-ci dərəcəli şok.

◀▶
Tibbi savadı olmayanlara belə aydındır ki, əgər insan bu cür ağır fiziki xəsarətlər alırsa onun yaşamaq şansı qalmır. Lakin həkimlər bütün bu fiziki xəsarətləri bir kənara qoyaraq xəstənin "ürək tutması” nəticəsində "biloji ölümünün” baş verdiyini göstəriblər. Doğrudanmı bu rəyi verənlər işin qapalı qalacağına əmin idilər və faktın nə zamansa mətbuata çıxacağını nəzərə almamışdılar?

Digər tərəfdən qəzada vurulan piyada ordunun zabiti olduğundan işi Hərbi Prokurorluq da apara bilərdi, ancaq buna lüzum görülməyib. Və işə "cinayət tərkibi olmadığı” üçün xitam verilib. Xaliq Seyidov isə törətdiyi əmələ görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyərək azadlıqda gəzir. Nəyin və hansı görünməz qüvvənin sayəsində? Bu, hansı təhlükəli presedenti yaradır? Əgər sürücü imkanlıdırsa və atası biznesmendirsə yolda piyadanı vurub öldürə və heç bir gün də olsa həbsdə yatmaya bilər? O zaman Bakı piyadalarının vay halına. Onlar doğrudan da hər gün belələrinə görə həyatlarını riskə atmış olurlar...

FOTOQALERIYA












SON XƏBƏRLƏR davamı
2017-10-22
2017-10-21












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.63%)
Xeyir (88.37%)


TƏQVİM