24 il sonra bütün kənd bir yerə toplaşıb bayramı sevinclə qeyd edirlər. Cocuq Mərcanlı sakinləri bu bayramı başqa bir həyəcanla qarşılayır.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, uzun illər müxtəlif yerlərdə məcburi köçkün həyatı yaşayan sakinlər xeyli müddət sonra ilk dəfə öz doğma el-obalarında tonqal qalayıb onun ətrafına toplaşıblar.

Bayram sevinclərini bölüşən sakinlər uzun sürən həsrətin sona çatdığını deyirlər. Öz evində və yurdunda bayram keçirməyin böyük zövq verdiyini bildirirlər.

Ağdamın cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində də bayram ab-havası yaşanır. Kənd sakinləri düşmənlə üz-üzə olmalarına baxmayaraq, bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar. Balacalar yumurta döyüşdürür, gənclər dirədöymə oynayır və papaq atırlar.

Amma tədbiri də əldən verməyən kənd sakinləri artıq neçə illərdir bayram tonqalını vaxtından qabaq, yəni gün batmazdan əvvəl qalamaq məcburiyyətində qalırlar.

Digər cəbhəboyu kəndlərdə də bayram sevinci hər şeyə rəğmən fərqli yaşanır.