Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başlayıb.

Unikal.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.

MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

Sonra MSK sədri səsvermənin başlandığını elan edib.

Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.

Xatırladaq ki, dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir. Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb.