"Son 15 il ərzində Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedib.

Unikal.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

"Bəzi hallarda bizi tənqiq edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik və ən müasir silahlar alınır, bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir və böyük qələbəmizdir", - dövlət başçısı əlavə edib.

"Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir.

Dövlət başçısı qeyd edib ki, maaşlar təxmini 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb: "Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq. Nəzərə alsaq ki, növbəti illərdə çox ciddi islahatlar aparacağıq, dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da qalxacaq.

"Azərbaycanda xalq-iqtidar birliyi uğurlarımızın sübutudur. Azərbaycan dünya məkanında sabitlik məkanı kimi tanınır. Bu, bizim böyük nailiyyətimizdir.

Dövlət başçısı qeyd edib ki, qonşu dövlətlərlə isti münasibətlər regional sabitliyə, təhlükəsizliyə öz müsbət təsirini göstərir: "Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim mövqeyimizi - ədalətli mövqeyimizi dəstəkləyirlər. Son 15 ildə ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Həmin sənədlərdə qeyd olunur ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ECO-İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr qəbul ediblər. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamə qəbul etmişdir ki, bu da münaqişənin həlli üçün hüquqi baza yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilib".