Prezident İlham Əliyev bu gün Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin olunmasıyla bağlı sərəncam imzalayıb. Bu gün Azərbaycanın baş naziri təyin edilən Novruz Məmmədov tanınmış ictimai- siyasi xadimdir. O, birinci dərəcəli dövlət müşaviri, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi , prezident administrasiyasının rəhbərinin müavini , administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri və administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində işləyib.

Novruz Məmmədov 1947-ci ildə Babək rayonunda anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. O, 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər prezident Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 1997-ci ildə isə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2002-ci ilin yanvarında isə Prezidentin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion" ordeni ilə təltif edilib. 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

Ötən il Prezidenti İlham Əliyevin Sərəncamı ilə Novruz Məmmədov "Şərəf" ordeni ilə edilib. 1 iyun 2017-ci il tarixindən prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - eyni zamanda xarici əlaqələr şöbəsinin müdiri çalışılb. İşlədiyi müddətdə prezidentin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.Evlidir. Üç övladı və nəvələri var.