Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə ANAMA-nın əməkdaşlıq etdiyi bir sıra hökumət qurumları, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri və yüksək rütbəli xarici qonaqlar iştirak ediblər.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib ki, Agentliyin 20 illik fəaliyyəti ərzində 529 091 352 kv.m (52 909.13 ha) ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
Direktorun sözlərinə görə, 1998-ci il 18 iyulda ANAMA-nın yaradılması Azərbaycanda mina və PHS probleminin həlli istiqamətində atılan ilk addım olub: "Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. O cümlədən, ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.