18 Noyabr 2018
19 Noyabr 2018
Azərbaycan 140 ölkə arasında 15-ci oldu
CƏMİYYƏT 18:59 / 19.10.2018

Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı - 2018”də 140 ölkə arasında rəqəmsal bacarıqlar üzrə 15-ci yeri tutub.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumatına görə, hesabatda ölkəmiz 140 ölkə arasında "rəqəmsal bacarıqlar” alt-indikatoru üzrə 15-ci, "orta təhsil illəri” alt-indikatoru üzrə 50-ci, "kadr hazırlığının yaxşılaşdırılması” alt-indikatoru üzrə 56-cı, "məzunların bacarıqları” alt-indikatoru üzrə 32-ci, "ixtisaslı işçilərə asan əlçatanlılıq” alt-indikatoruna görə 31-ci, "ibtidai təhsildə şagird-müəllim nisbəti” alt-indikatoru üzrə isə 48-ci, "tədrisdə tənqidi düşüncə” alt-indikatoru üzrə isə 27-ci yerdə qərarlaşıb.

Hesabatın "bacarıqlar” indikatoruna bu il daxil edilən peşə təhsilinin keyfiyyəti alt-indikatoru üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 49-cu yeri tutub.

Hesabatda peşə təhsilinin keyfiyyəti üzrə Rusiya 67-ci, Ermənistan 85-ci, Qazaxıstan 92-ci, Gürcüstan 131-ci, Türkiyə isə 132-ci yerdə qərarlaşıb. Bu, son illərdə təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində aparılan uğurlu işlərin beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənən statistik göstəricisidir.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı - 2018” yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Əvvəlki illərdən fərqli olaraq, hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun (infrastruktur, İKT, makroiqtisadi sabitlik, sağlamlıq, bacarıqlar, əmək bazarı, əmtəə bazarı, maliyyə sistemi, biznesin dinamikliyi, innovasiya və s.) 70 faizi tamamilə yenidir.

Ölkəmiz hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla, 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb.