Bakıda təmir sexindən avtomobil qaçıran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 8-də saat 23 radələrində Quba rayon sakini Elvin Məmmədovun "VAZ-2103 markalı avtomobilinin Birinci Nügədi kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Pərviz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil onun həyətində aşkar edilib.

Eyni zamanda bu ilin avqustun 2-dən oktyabrın 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun "Chevrolet markalı avtomobilinin oğurlanması barədə Suraxanı rayon Polis idarəsinin 33-cü polis bölməsinə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.