Deputat Siyavuş Novruzov prezidentin hüquqlarının qorunması istiqamətində ombudsman Elmira Süleymanovaya müraciət edib.

Unikal.org xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov bildirdi ki, keçmişdə parlamentdə Ombudsman qarşısında qaldırılan məsələlərin böyük əksəriyyəti prezidentin qərarları ilə həllini tapdı. Komitə sədri bu mənada şəhid ailələri ilə bağlı həllini tapan problemdən tutmuş, problemli kreditlərə kimi bir sıra həll olunmuş məsələləri xatırlatdı.

Daha sonra S.Novruzov Ombudsmana müraciət etdi: “Cənab prezident bütün Azərbaycan xalqının hüquqları ilə bağlı addımlar atır. Həmçinin beynəlxalq səviyyədə Türk dünyası, İslam aləmi ilə bağlı fikirlərini ifadə edir. Ancaq bu gün xaricdə bir qrup insan var ki, nə qanuna baxır, nə dəyərlərə qiymət verir. Elmira xanımdan xahiş edərdim ki, həmin ölkələrin ombudsmanlarına müraciət etsin və bu məsələləri diqqətə çatdırsın. Azərbaycan prezidentinin hüquqları qanunla qorunduğu kimi, bu məsələyə Ombudsman tərəfindən də diqqət göstərilməlidir və həmin ölkələrə müraciət edilməlidir”.