“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıya gəlsəydi özünü təhlükəsiz hiss edərdi. Bakıda həm futbolçuların, həm də azarkeşlərin və turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmuşdu.

Unikal.org xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının Bakıda keçirilən final görüşünü izləmək üçün ölkəmizə gələn britaniyalı azarkeş Riçard Skeylz deyib.

“Çox təəssüf ki, o, Bakıya gəlmədi. Düşünürəm ki, gəlsəydi özünü digərləri kimi tam təhlükəsiz hiss edə bilərdi”, – deyə o əlavə edib.

Britaniyalı azarkeş qeyd edib ki, istər final ərəfəsində, istərsə də oyun günü Bakıda azarkeşlərin və xarici turistlərin təhlükəsizliyi üçün tədbirlər əla təşkil olunmuşdu: “Rəqib azarkeşlər arasında heç bir mübahisə və ya dava-dalaş olmadı. Ümumiyyətlə, oyun zamanı stadionda çox müsbət mühit var idi və biz çox rahatlıqla “Çelsi” azarkeşləri ilə söhbət edə bilirdik”.

Final oyunu barədə fikirlərini bölüşən digər ingilis azarkeş Kris Skeylz Bakıya gələn azarkeşlər və şəhər sakinləri arasında mehriban münasibətin olduğunu bildirib. “Şəhərdə hansısa ünvana getməklə bağlı çətinliyimiz olanda sakinlər bizə böyük məmnuniyyətlə kömək edirdilər," – deyə o bildirib.

Bakıya ilk dəfə səfər etdiyini deyən Kris Skeylz şəhərdə olan idman əhval-ruhiyyəsini xüsusilə yüksək qiymətləndirib. İngiltərəli azarkeş oyunun nəticəsi ilə bağlı məyus olduğunu qeyd etsə də, mehriban və qonaqpərvər sakinləri olan Bakı kimi gözəl şəhərə gəlməsindən məmnun qaldığını deyib. O, Bakı Olimpiya Stadionun möhtəşəmliyinə heyran olduğunu da qeyd edib.