Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda və bir sıra cinayətlərdə ittiham olunan mütəşəkkil dəstənin üzvü Asif Şirinxunun şikayətinə baxılıb.
 
 
Unikal.org-un APA-ya istinadən məlumatlna görə məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, A. Şirinxu məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib. Şikayət həmin qərardan verilib.
 
İttihama görə, Asif Şirinxu adam oğurluğu məqsədi ilə Akif Əşrəf oğlu Rüstəmov, Xalıq Səccad oğlu Bağırov, Fərhad Məzahir oğlu Əhmədov, Gülnarə Hüseynqulu qızı Tağıyeva və İbrahim Dadaşbala oğlu Həmzəyev ilə qabaqcadan əlbir olub.
 
Gülnarə Tağıyevanın və İbrahim Həmzəyevin sifarişi ilə 2000-ci il mayın 17-də Bakıda həkim İsmayıl Meybulla oğlu Kərimovu xəstəyə baxmaq adı ilə qaçırıblar.
 
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2000-ci ildə dəstə üzvlərinə hökm oxunub. Dəstənin azadlıqda gəzən üzvü A. Şirinxu barəsində isə həmin vaxtdan axtarış elan olunub.
 
O, 2009-cu ilin sentyabrında Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub. Ekstradisiya olunandan sonra onun daha bir cinayət əməli törətməsi üzə çıxıb. Məlum olub ki, o, 12 dekabr 1999-cu il tarixdə Bakı şəhəri, Dəmiryolu vağzalının ərazisində şəxsi münasibətlərin pisləşməsi zəminində tanışı Süleymanov Yalçın Ələsgər oğlu ilə dalaşaraq ona bıçaqla ağır xəsarətlər yetirib.
 
Asif Şirinxu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.