Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.

Unikal.org xəbər verir ki, heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.

Hazırda heyət üzvləri DSX-nin Hərbi Hospitalının həkimləri tərəfindən müayinə edilir.

Qeyd edək ki, İranın İSNA agentliyinin verdiyi məlumata görə, batan gəmi İran İslam Respublikası Gəmiçilik Donanmasına aid deyil. Əlavə edilib ki, sözügedən gəmi İranın özəl sektoruna aiddir. Eyni zamanda bildirilib ki, ekipaj üzvlərindən 7 nəfəri İran vətəndaşı, 2 nəfəri isə Hindistan vətəndaşıdır.

xxx

18:26

Xəzərdə batan İran gəmisinin xilas edilən ekipajı Bakıya gətirilir.

Unikal.org report-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən xilas edilən "Şəbahəng” quru-yük gəmisinin 9 nəfərdən ibarət ekipajı saat 22 radələrində Bakıya çatacaq. 

Xatırladaq ki, bu gün saat 14:15-də DSX-nin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.