Ali Məhkəmədə yetkinlik yaşına çatmayan qızı qaçırmaqda və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Rahib Həsənovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti baxılıb.

Unikal.org xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, R.Həsənovun kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2017-ci ilin noyabr ayının 23-də, 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində baş verib. Müqəddəs Qəhrəmanov həmkəndliləri – Rahib Həsənov və Təhmasib Həsənovla birgə həmin kənd sakini, 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Aliyə Bayramovanı (ad, soy adı şərti) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Həmin şəxslər bulaqdan evlərinə su gətirən A.Bayramovaya əvvəl yaxınlaşaraq qollarından tutub, zorla avtomobilə əyləşdirib və daha sonra onu Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlayıblar.

Hadisədən bir neçə saat sonra Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Araşdırma zamanı onların üzərində olan soyuq silahlar aşkar edilərək götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qəhrəmanov 10 il 3 ay, R.Həsənovla T.Həsənovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra R.Həsənov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.